İnstitutlar niyə birləşdirilir? - RƏSMİ CAVAB
Dövlət başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur.
Ajans.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq. Bəzi elmi-tədqiqat institutları isə regionlarda fəaliyyət göstərən dövlət universitetlərinin tabeliyinə veriləcək ki, bu da elm və təhsilin inteqrasiyasını daha da gücləndirilməsinə xidmət edəcək. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.