Ukrayna ilk dəfə bu qırıcılardan istifadə etdi
Ukrayna Ordusu Hərbi Hava Qüvvələrinin "Telegram" hesabından edilən yazılı açıqlamada, Rusiya ordusunun bu gün ölkənin müxtəlif bölgələrinə intensiv hava hücumları təşkil etdiyi bildirilib.
Ajans.az bildirir ki, hücumda 67 müxtəlif tipli raketdən və 194 pilotsuz uçuş aparatından (PUA) istifadə edildiyi, 34 raket və 100 PUA-nın Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi bildirilib.
Fransanın fevral ayının əvvəlində Ukraynaya verdiyi F-16 və "Mirage 2000" döyüş təyyarələrinin də hava hücumlarına qarşı mübarizədə istifadə edildiyinə dair məlumatların paylaşıldığı açıqlamada bu ifadələr yer alıb:
"Əməliyyatda F-16 və "Mirage 2000" də daxil olmaqla qırıcılar da iştirak edib. Qeyd edək ki, təxminən bir ay əvvəl Ukraynaya verilən Fransa döyüş təyyarələri ilk dəfə olaraq düşmənin hava hücumunun dəf edilməsində iştirak edib".