İki nəfərin ölümü ilə nəticələnən hadisəyə görə cinayət işi açılacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, dünən səhər saatlarından davam edən yağıntılı hava şəraiti Bakıda nəqliyyatı iflic vəziyyətə salıb. Hətta günün ən məyusedici xəbəri isə "Sabunçu keçidi" adlanan ərazidə tuneldə qalaraq boğulan iki şəxsin vəfat etməsi olub. Sosial şəbəkələrdə də bu problemlə əlaqədar olaraq əhali öz narazılığını dilə gətirir. Ölkəmizin niyə əvvəlcədən bu tip təbiət hadisələrinə hazırlıqlı olmaması insanların beynində suallar doğurur.
Bəs, səbəbkar olanlar araşdırılacaqmı? Ümumiyyətlə, burada günahkar olan şəxs və ya qurumlar məsuliyyətə cəlb olunmalıdır?
Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, iki nəfərin ölümü ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin tərkibi yarana bilər:
"Hər bir halda əgər ölüm varsa, cinayət işi başlanılır və ölümün səbəbləri araşdırılır. Əgər doğurdan da səhlənkarlıq nəticəsində, yəni maddədə deyildiyi kimi, vəzifəli şəxsin işə vicdansız və yaxud da laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və yaxud da lazımi qaydada yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan şəxslər ölərsə, o zaman təqsirli şəxslər məsuliyyətə cəlb olunur.
Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə isə səhlənkarlıq- min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu qeyd olunan əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda -
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Vəkil T. Abdullazadə həmçinin onu da qeyd edib ki, bu ölümdə müvafiq vəzifəli şəxslərin təqsirli olması müəyyən edilərsə, qeyd olunan maddə ilə məsuliyyətə cəlb oluna bilər.