Hüzr məclislərində “Qonşudan Geri Qalmamaq” yarışı: Dinlə əlaqəsi var?
Bildiyimiz kimi, ölkəmizin hüzr, 3-7-40 mərasimləri, qranit, mərmər və ya sementlə əhatələnən məzar kimi adətləri var. Sanki insanlar bu prosesləri sosial yarış kimi dəyərləndirir.
İlginc nüanslardan biri də odur ki, həmin proseslərin icra edilməsi həqiqətən də maddi cəhətdən ağırdır.
Bəs, insanlar niyə bu cür adətləri önəmsəyir? Bunun dinlə əlaqəsi varmı?
Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, bunun dinlə heç bir əlaqəsi yoxdur:
“Məzarların formasının İslama aidiyyatı yoxdur. Bunlar sadəcə din adından danışanların adət-ənənəni din kimi təqdim etmələriylə əlaqəlidir. İslam dirilərlə maraqlanır.
Ölünün hansı formada dəfn edilməsini insanların ixtiyarına buraxıb. Burada əsas məsələ israfçılıq olmamasıdır”
Problemin sosial aspekti ilə bağlı isə sosioloq Üzeyir Şəfiyev danışıb. O qeyd edib ki, bu məsələ cəmiyyət içərisində xarakterik bir hal alıb:
“İstər hüzr məclisləri, istərsə də toylar sosial auditoriyaya hesablanmış yarış xarakteri daşıyır. “Qonşudan geri qalma” prinsipi ilə hər kəs çalışır ki, natamamlıq komplekslərini belə məclislərlə aradan qaldırsınlar. Hətta bu cür məclisləri təşkil etmək üçün kredit belə götürürlər. Hüzr məclislərini elə edirlər ki, bir musiqiçi çatmır. Bu məsələ tənzimlənməlidir. Həmçinin məzarlar çox fantastik qiymətlərə satılır. Təntənəli qəbirüstü abidələrin alınmasına da çox rast gəlinir. Bəzi ölkələrdə bu proseslər kilsə və məclislərə tapşırılır. Bəzi ölkələrdə isə bunu bələdiyyələr edir”.
Ekspert həmçinin deyib ki, müsəlman şərq ölkələrinə baxsaq, görərik ki, Azərbaycan qədər dəbdəbəli yas mərasimi edən yoxdur:
“Qəbirüstü abidələr nə cəmiyyət, nə də şəriət dəyərlərinə uyğun deyil. Axirət dünyasında insanlar bərabərdir. Çox yaxşı olardı ki, imkanlı şəxslər örnək olsunlar. Onlar daha təvazökar mərasimlər təşkil etsə, digər təbəqələr də onlara baxıb nümunə götürər. Nəzərə alsaq ki, 30-40 il sonra həmin qəbirlərdə başqa insanlar basdırılacaq, abidələrə nə gərək var? Peyğəmbərimiz belə buyurub ki, bu cür təntənəli mərasimləri etmək lazım deyil. Mən, ümumiyyətlə, hesab edirəm ki, bu cür məclislərin ictimai tənzimləməyə ehtiyacı var. Çox yaxşı olardı ki, QMİ və vahid icra orqanları bu problemlə maraqlansınlar. Çünki insanlar narahatdır. Cəmiyyət arasında ikrah yaranır. İnsanlara sağlığında dəyər vermək lazımdır”.