Hacı Şahinin sirri- DOSTU AÇIQLADI

Hacı Şahinin sirri-
Cəmiyyət 02-03-2025 - 12:19
''Hacı Şahin Həsənlinin uğur sirrini bir cümlədə ifadə eləmək istəsəm, dağa daşa düşməz, sözü uzatmaz, sadəcə Ana Kitabdan iqtibas etdiyim bir cümləni böyük hərflərlə yazardım''
Ajans.az xəbər verir ki, yazıçı, psixoloq İlqar Kamil bu sözləri öz feysbuk hesabında paylaşıb:
"Allah dedi və DAYANDI".
Dayandı, yəni sözünün üstündə durdu;
Dayandı, yəni dediyini bir ömür dedi;
Dayandı, yəni dediyini hər yerdə, var gücüylə dedi;
Dayandı, yəni ardınca nəsə demədi, Allahla yetindi;
...Və dayandı, yəni dediyindən əsla dönmədi!
Qayıdaq "Allah dedi" cümləsinə.
Təsəvvür edin, istedadlı bir gənc öz sahəsində sözünü demiş neçə insana 25 ədəd 1 rəqəmi verir və soruşur: "bu birlərdən nə yarada bilərsiniz?" Kimisi rəqəmləri ard-arda düzüb quş qatarı şəkli düzəldir, kimisi böyür-böyürə uzadıb nərdivan şəkli yaradır və bunu gözəl əsaslandırır da... bütün bu maraqlı cavabların arasından Hacı Şahin Həsənlinin cavabı adamı heyran qoyur. O, əlindəki bir rəqəmlərini üst-üstə düzüb (aşağıdakı şəkildə gördüyünüz kimi) böyük bir BİR rəqəmi düzəltmişdi.
BİR yəni Tövhid!
Tövhid, yəni...
Bu maraqlı eksperiment üzə çıxarır ki, Hacının şüuruna da, təhtəl-şüuruna da, bütün varlığına tövhid inancı hakim kəsilmişdi.
Tövhid - Allah var demək deyil, ancaq və yalnız Allah var deməkdir, üstəlik, Ondan başqa da heç nə yoxdur!
Mal da yoxdu, mülk də yoxdu. Məqam da yoxdu, şöhrət də yoxdu. Dost da yoxdu, düşmən də yoxdu...
Yalnız O var, bir də əbədi sevgisi...
Necə ki, yazırlar, bir gün şagirdi Bəyazid Bistamiyə deyir: “ustad, təsəvvür edin, vaxt var idi, Allahdan başqa heç kim, heç nə yox idi”. Bistami gülümsünür:
“Əslində, elə indi də elədir”.
Yeri vardı qulağına pıçıldasın: "nə vaxt elə olmayıb ki!"
Sual: Hacının sirri nə idi?
Cavab: yalnız ALLAH deməsi və DAYANMASI!
Allah dedi və DAYANDI. Bəsdir, dedi, Allah yetər, dedi.., bəlkə də qorxdu, ömrünün 48-ci baharında xəfifcə dayandı ki, Allahdan qeyri heç nə deməmiş olsun.
SON SÖZÜ Allah olanın xoş halına!
"Həsənli Şahin Hüseyn oğlu". Bunu dünən bir tabloda görəndə ürəyimdə, ürəyimdə heyrətləndim: can qardaşım, sən gör hansı mübarək isimlərin arasında dayanmısan; Allah Hüseyn kişiyə rəhmət eləsin, ancaq sənin bir də mənəvi atan vardı axı, yolunu tutduğun, ilərlə göz yaşı axıtdığın, yadını özündən çox sevdiyin... sanıram, bu gün bu ixlaslı sevgi bizə haqq verər ki, deyək:
Salam olsun sənə, Hüseynin (ə) oğlu!

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: