FED faiz dərəcələrini azaltdı, dolların qiyməti qalxır: Manatın məzənnəsi dəyişəcək?
ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini 0,25 bənd aşağı salaraq 4,5-4,75% diapazonuna endirib. Bu barədə məlumat FED-in rəsmi saytında yayılıb. Məlumata görə, Açıq Bazar Əməliyyatları üzrə Federal Komitə (FOMC) iqtisadiyyatı dəstəkləmək məqsədilə federal fondlar üzrə faiz dərəcəsini ikinci dəfə endirib. FED-in bu qərarından sonra qlobal valyuta bazarlarında dolların məzənnəsində dəyişikliklər gözlənilir.
Azərbaycan Mərkəzi Bankının siyasətindən asılı olaraq manatın məzənnəsində dəyişiklik baş verə biləcəyi isə sual altındadır. Əgər dolların dəyərində azalma müşahidə edilərsə və neft gəlirləri azalarsa, manatın sabitliyini qorumaq üçün tədbirlər görülə bilər. Hazırda isə Mərkəzi Bank manatın məzənnəsini sabit saxlama siyasətini davam etdirir.
Donald Trampın prezident seçilməsi dolların qiymətinə necə təsir edəcək?
Məsələ ilə bağlı Millət Vəkili Vüqar Bayramov Ajans.az-a bildirib ki, seçki nəticələrindən təsirlənən birjalarda bondların, dolların, əsas səhmlərin və eləcə də Bitcoinin qiymətində artımlar qeydə alınıb:
“ABŞ bondları 4.5 faiz, dollar isə səbət valyutalara nisbətən 2.0 faiz güclənib. Bitcoinin qiyməti ilk dəfə olaraq 75.0 min dollaradək yüksəlib. ABŞ birjalarında pozitiv dəyişikliklərə rəğmən digər aparıcı ölkə bazarlarında volatillik davam edib. Avro dollara nisbətən 2.0 faizə yaxın ucuzlaşıb. İnvestorlar Trampın ikinci prezidentlik dönəmində ABŞ-ın daxili bazarına yönəlik siyasətinin güclənəcəyini güman edirlər.
Deputat qeyd edib ki, ABŞ indekslərində artım fonunda digər aparıcı qlobal mərkəzlərin birjalarında xüsusi canlanmalar müşahidə edilmir. Bu isə Trampın birinci prezidentlik dönəmindəki iqtisadi siyasəti davam etdirəcəyi ilə bağlı mesajlar ilə əlaqədərdir.
Trampın yenidən prezident seçilməsinin Azərbaycan ABŞ münasibətlərinə təsirlərinə gəldikdə isə ölkəmiz Birləşmiş Ştatlar ilə əməkdaşlıq ruhunda əlaqələrdə maraqlıdır. Bütövlükdə, Azərbaycan ərazi bütövlüyü və suverenliyə hörmət çərçivəsində digər dövlətlər ilə münasibətlərin güclənməsinə töhvə verir.