Ermənistan müharibəyə hazırlaşır - "Əgər Paşinyan getsə..."

Ermənistan müharibəyə hazırlaşır -
Siyasət 10-03-2025 - 17:08

Fransa xüsusi xidmət orqanlarına yaxın nəşrlərdən biri Ermənistanın müdafiə naziri Suren Papikyana istinadən “Ermənistan növbəti dronlar müharibəsini təxmin etmək üçün bütün istiqamətlərdə innovasiyalar həyata keçirir. Elektron müharibəsi, dronlar, proqram təminatı, əvvəlki müharibədə ortaya çıxan zəifliklərin aradan qaldırılması…” fikirlərini yazır.

Eyni zamanda İrəvanın durmadan silahlanma, zaman-zaman şərti sərhəddə təxribat cəhdləri göstərir ki, ritorikada “sülh tərəfdarı” olan Ermənistandan əslində sülhdən nə qədər uzaqdır.

Bəs mövcud vəziyyətdə Cənubi Qafqazda yenidən bir münaqişənin alovlanma ehtimalı yüksəkdir?

Mövzu ilə bağlı Ajans.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, Fransa xüsusi xidmət orqanlarının Papikyanla bağlı belə bir fikir bildirməsi təsadüfi deyil:

“Papikyan özü Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlıq sazişini imzalayan şəxsdir. Bu razılaşmalar çərçivəsində tez-tez Fransaya səfərlər edib və İrəvana “Sezar” özüyeriyən artilleriya qurğuları, GM200 radarları, 50-yə yaxın zirehli texnika göndərilib. Ermənistan təkcə Fransadan deyil, Hindistandan da öldürücü silahlar alır.

Bunlar onu göstərir ki, İrəvan əslində sülhə hazır deyil. Baxmayaraq ritorika ondan ibarətdir ki, guya Ermənistan sülh istəyir. Şərti sərhəddə ara-sıra gördüyümüz təxribatların məqsədyönlü şəkildə həyata keçirildiyini düşünürəm. Bu yolla Azərbaycanı təxribata sürükləyərək dünyaya onun aqressiv olduğunu göstərmək istəyirlər. Halbuki özləri silahlanırlar və şərti sərhəddə möhkəmlənirlər”.

Politoloqun sözlərinə görə, Ermənistanın bu cür silahlanması Cənubi Qafqazda silah yarışına gətirib çıxarır:

“Sözsüz ki, Azərbaycan da boş dayanmayacaq. Azərbaycanın bu ilki hərbi büdcəsi 8,4 milyard manatdır. Prezidentin də söylədiyi kimi, İrəvanın silahlanmasl Azərbaycanın hərbi qüvvəsini bu qədər artırmasına səbəb olar amillərdəndir. Bu silah yarışı təhlükəsizlik dilemması adlanan bir vəziyyət yaranır. Bu vəziyyətdə hər hansı münaqişənin, hətta konfrantasiyanın baş vermə ehtimalı artmış olur”.

Politoloq onu da qeyd edib ki, İrəvanda hakimiyyət dəyişikliyi olarsa, bu, sülh prosesinə də təsir göstərəcək:

“Emənistanda xüsusən müxalifət tərəfindən revanşist fikirlər tez-tez səsləndirilir. Son zamanlar bu revanşistlər daha da fəallaşıblar. Qarabağ klanının nümayəndələri, Köçəryan və digərləri sülh prosesinə zidd bəyanatlar səsləndirirlər. Bu onu göstərir ki, Paşinyan hakimiyyətinin özünün daxildən problemləri var və bu hakimiyyətin uzunmüddətli olacağını heç kim söyləyə bilməz. Paşinyan bu gün nəsə desə də, sabah hakimiyyətdən gedəcəksə və revanşistlər gələcəksə, Azərbaycana qarşı daha aqressiv mövqe tutacaqlarını istisna etməməliyik. Bu da yeni bir münaqişə yaranacağı anlamına gəlir”.

PAYLAŞ: