Bakıda bir gündə 15 nəfəri öldürən FACİƏ: Səbəbi məlum oldu

Son zamanlar spirtli içkidən zəhərlənmə və ölüm halları ilə bağlı narahatlıq artır.
22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.
Bəs spirtli içkilər hansı hallarda ölümə səbəb olur?
Məsələ ilə bağlı Ajans.az-a danışan toksikoloq Azər Maqsudov bildirib ki, bu hallar müxtəlif səbəblərdən baş verə bilər:
"Bəzi hallarda spirtli içkilərin tərkibində metil spirti ola bilər ki, bu da insan həyatı üçün ciddi təhlükə yaradır. Metil spirtinin ölümcül dozası 30-200 ml arasında dəyişir. Bu maddə orqanizmə daxil olduqda aşağıdakı simptomlara səbəb ola bilər. Ürəkbulanma, baş ağrısı, ikili görmə, qusma, yuxululuq və s. Əgər zəhərlənmiş şəxsə vaxtında tibbi yardım göstərilməzsə, komaya düşə bilər. Komadan çıxmaq isə olduqca çətin prosesdir və bəzən mümkün olmur."
Azər Maqsudov qeyd edib ki, hətta keyfiyyətli spirtli içkilər belə ürək, beyin və qaraciyər kimi həyati orqanlara toksiki təsir göstərir. Davamlı və həddindən artıq spirt qəbulu orqanizmin müqavimətini zəiflədir, xroniki xəstəliklərə və ciddi fəsadlara yol aça bilər:
"Spirtli içki qəbulunda ehtiyatlı olmağı, tərkibi bilinməyən içkilərdən uzaq durmağı və hər hansı zəhərlənmə əlaməti müşahidə edildikdə dərhal həkimə müraciət etməyi tövsiyə edirik. Keyfiyyətli spirtli içkilərin müntəzəm istifadəsi də sağlamlıq üçün ciddi təhlükə yaradır. Spirtli içkilər ürək, beyin və qaraciyər kimi həyati orqanlara toksiki təsir göstərir, onların funksiyasını pozur və ümumi müqaviməti zəiflədir. Uzunmüddətli spirt qəbulu ürək-damar xəstəlikləri, qaraciyər sirrozu və sinir sistemi pozğunluqları kimi ciddi fəsadlara yol aça bilər."
Azər Maqsudov əlabə edib ki, mənşəyi bilinməyən və ucuz qiymətə satılan spirtli içkilərdən uzaq durmaq vacibdir. Zəhərlənmə əlamətləri hiss edildikdə dərhal həkimə müraciət olunmalı və vaxtında tibbi yardım göstərilməlidir.