Azərbaycandan ABŞ-yə yumurta ixracına başlanılır

Azərbaycandan ABŞ-yə yumurta ixracına
yumurta
Cəmiyyət 18-03-2025 - 12:42

Ölkədə bioloji təhlükəsizliyin təmin olunması istiqamətində aparılan məqsədyönlü tədbirlər, dünyada mövcud olan bir sıra heyvan xəstəliklərindən azad statuslarının əldə edilməsi ölkəmizdə istehsal olunan bir çox qida məhsullarının ixrac potensialı üçün münbit şərait yaradır. Eyni zamanda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Azərbaycanın yüksək patogen quş qripi virusundan azad statusunun təsdiq edilməsi quşçuluq məhsullarının ixracı üçün geniş imkanlar açır. 

Ajans.az xəbər verir ki, 2023-cü ilin noyabr ayında AQTA ilə “Rosselxoznadzor” arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub və həmin ildən etibarən ərzaqlıq yumurtanın ixracına başlanıb. AQTA tərəfindən Çin Xalq Respublikasının Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi ilə keçirilən görüşlər, həmçinin işçi qaydada aparılan tədbirlər nəticəsində quş əti məhsullarının bu ölkəyə ixracına icazə əldə olunub.

Bütün bunlarla yanaşı, ilk dəfə olaraq Azərbaycan Respublikasından Amerika Birləşmiş Ştatlarına ərzaqlıq yumurtanın ixracına başlanılır. Artıq bu istiqamətdə müvafiq prosedurların icrası həyata keçirilməkdədir. 

Qeyd edək ki, son illər mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq, respublikamızın insan və heyvan sağlamlığı üçün təhlükə törədən, habelə ətraf mühitdə bioloji təhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi ölkəmizdən quşçuluq məhsullarının ixracının daha da genişləndirilməsinə səbəb olub. İxracın artması bu sahədə qida təhlükəsizliyi nəzarəti sisteminin inkişafının və Azərbaycanda sənaye quşçuluğunun beynəlxalq standartlara uyğun olmasının göstəricisidir.

Agentlik yerli istehsal qida məhsullarının xarici bazarlara çıxış imkanlarının artırılması, ixrac potensialının genişləndirilməsi istiqamətində sahibkarlıq subyektlərinə dəstəyini bundan sonra da davam etdirəcəkdir.

PAYLAŞ: