Avtomobil sahiblərindən illik 10 manat vergi alına bilər - İqtisadçıdan REAKSİYA
Milli Məclisin iki komitəsinin birgə iclasında maraqlı bir təklif irəli sürülüb. Deputat Elşad Musayev bələdiyyələrin gəlirlərini artırmaq və yerli idarəetməni gücləndirmək məqsədilə hər avtomobildən əmlak vergisi tutulmasını təklif edib. O, qanunvericilikdə müvafiq dəyişiklik edilərək, bələdiyyələrin ərazisində qeydiyyatda olan hər avtomobildən ildə cəmi 10 manat məbləğində əmlak vergisinin alınmasını təklif edib.
Deputatın fikrincə, bu addım yerli özünüidarəetmə orqanlarının maliyyə imkanlarını genişləndirə və onların sosial layihələrə daha çox vəsait ayırmasına şərait yarada bilər. Təklifdə göstərilib ki, avtomobil sahiblərindən alınacaq bu vergi illik xarakter daşıyacaq və hər avtomobil üçün standart olaraq 10 manat təşkil edəcək.
Maraqlıdır belə bir verginin tətbiq olunması mümkündür?`
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Ajans.az-a açıqlamasında deyib ki, bu cür vergi mexanizmlərinin cəmiyyətdə necə qarşılanacağı vacibdir, əlavə xərclər bəzən narazılıqlara səbəb ola bilər:
"Bəs görəsən bu tutulan məbləğ nə üçün xərclənəcək? Zatən avtomobillər üçün yeni tətbiq edilən utilizasiya vergisi var. Ölkədə 1 milyondan çox avtomobil var. 10 manatdan yığsalar 10 milyon manat edir. Maraqlıdır, 10 milyon manatla nə ediləcək? Məsəl üçün: Əgər o pul yığılıb şəhər ətrafı ərazilərdə pulsuz dayancaq yaradılsa, və ya başqa hər hansı vətəndaşların işinə yarayacaq bir dəyişiklik edilərsə, o zaman başa düşmək olar. Buna hardasa məntiqli bir anlam vermək lazımdır".
İqtisadçı qeyd edib ki, avtomobillərdən alınan əmlak vergisi bəzi ölkələrdə tətbiq olunur və bu, yerli özünüidarəetmə orqanlarının gəlir mənbələrindən birinə çevrilib:
"Bu addım yerli özünüidarəetmə orqanlarının maliyyə imkanlarını genişləndirə və onların sosial layihələrə daha çox vəsait ayırmasına şərait yarada bilər. Bəs vətəndaşlar üçün hansı müsbət yanı olacaq? Bu maraqlı məsələdir. Bizdə zatən utilizasiya vergisi var, texniki baxışdan çıxanda da bir sıra vergilər veririk. Hesabat olmayan yerdə vergi artırmaq düzgün deyil".