Qəbul imtahanlarında bu yeniliklər olacaq - Abituriyentlərin NƏZƏRİNƏ

“Ali təhsil sistemində plan yerlərinin artırılması tendensiyası son illərdə daha da güclənib. 2023-cü ildə 53 mindən çox plan yeri ayrıldığı halda, 2024-cü ildə bu rəqəm 58 mini keçmişdir. Bu artımın əsas səbəblərindən biri dövlət sifarişli yerlərin genişləndirilməsidir. 2023-cü ildə dövlət sifarişli yerlərin sayı 49%-ə qədər yüksəldi ki, bu da tələbələr üçün daha əlverişli şərait yaratdı. Bu tendensiyanın 2025-ci ildə də davam edəcəyi gözlənilir və plan yerlərinin təxminən 63-65 minə çatacağı proqnozlaşdırılır. Bu isə daha çox abituriyentin ali təhsilə qəbul olunmaq imkanını artıracaq”.
Bunu Ajans.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, plan yerlərinin artması keçid ballarına birbaşa təsir göstərir:
Son illərdə bəzi ixtisaslar üzrə keçid ballarında azalmalar müşahidə olunub. Xüsusilə, mühəndislik, kənd təsərrüfatı və təbiət elmləri sahəsindəki ixtisaslar üzrə keçid ballarında azalmalar baş verib. 2024-cü ildə mühəndislik ixtisaslarında keçid balları bir qədər aşağı düşdü və plan yerlərinin genişləndirilməsi nəticəsində bu ixtisaslara qəbul olmaq daha əlçatan oldu. 2025-ci ildə də bu tendensiyanın davam edəcəyi və bəzi ixtisaslar üzrə keçid ballarında 10-20 bal arasında azalma ola biləcəyi ehtimal edilir”.
Ekspert qeyd edib ki, 2025-ci ildə qəbul prosesində baş verəcək dəyişikliklərdən biri də bəzi ixtisaslar üzrə dövlət sifarişli yerlərin artırılmasıdır:
“Xüsusilə, informasiya texnologiyaları, süni intellekt, mühəndislik və kənd təsərrüfatı sahələrində plan yerlərinin artırılması gözlənilir. 2024-cü ildə dövlət sifarişli yerlərin sayında artım baş verdiyi kimi, 2025-ci ildə də bu sahələrə əlavə plan yerlərinin ayrılması mümkündür. Bu isə həmin sahələr üzrə keçid ballarının bir qədər aşağı düşməsinə və tələbələrin dövlət sifarişli yerlərə qəbul olma imkanlarının artmasına gətirib çıxaracaq”.
Kamran Əsədov son olaraq bildirib ki, 2024-cü ildə keçirilən imtahanlarda açıq tipli testlərin sayının artması müşahidə olunub və bu prosesin 2025-ci ildə də davam edəcəyi gözlənilir.