Bu tarixə qədər silahlar susmayacaq - DETALLAR

“Atəşkəsin pozulması əsasən sülh sənədinin iki maddəsinin razılaşdırıldığı barədə bəyanatdan sonra ortaya çıxıb. Deməli, bu atəşkəs pozuntuları birbaşa həmin sənədlə əlaqəlidir. Bəs bunu niyə edirlər? Aydındır ki, bölgədə atəş səslərinin eşidilməsi beynəlxalq güclərin, xüsusən də Ermənistanın havadarlarının diqqətini yenidən bu regiona cəlb etmək məqsədi daşıyır. Mövzunu gündəmdə saxlamaq istəyirlər”.
Bunu Ajans.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, bu məsələnin digər tərəfi də var:
“İki maddənin razılaşdırılmasından sonra Ermənistan "biz artıq sülh sənədini imzalamağa hazırıq" açıqlamasını verir. Hətta bu sənədin imzalanma zamanı və məkanını Azərbaycanla danışmağa da hazır olduqlarını bildirirlər. Bu da birbaşa beynəlxalq ictimaiyyətə yönəlmiş mesajdır. Yəni, "biz hazırıq, amma qarşı tərəf – Azərbaycan – hazır deyil" kimi görüntü yaratmaq istəyirlər.
Əgər sənəd imzalanmırsa və ortada konkret razılaşdırılmış zaman və məkan yoxdursa, elə təəssürat yaranır ki, sülh prosesini ləngidən tərəf Azərbaycandır. Bunun fonunda isə hər gün az da olsa atəşkəs pozuntularının baş verməsi bu təsəvvürü gücləndirmək üçün düşünülmüş addımlardır”.
Politoloq qeyd edib ki, Ermənistan ordusunun şərti sərhəddə atəşkəsi pozmasının səbəblərindən biri də seçkilərdir:
“Paralel olaraq üçüncü bir səbəb də var – 2026-cı il parlament seçkiləri. Düşünürəm ki, bu seçkilərə qədər atəşkəs pozuntuları davam edəcək. Çünki güllə səsləri erməni cəmiyyətində daimi səksəkə yaradır və bu qorxu ictimai şüurda yeni bir müharibə ehtimalını daim diri saxlayır.
Bu isə Paşinyanın maraqlarına tam uyğundur. 2021-ci ildə müharibədə məğlub olmuş bir lider olsa da, seçkilərdə xalq yenidən ona mandat verdi. Çünki cəmiyyət müharibədən yorulmuşdu və övladlarını döyüş meydanında itirmək istəmirdi. Bu düşüncə bu gün də dəyişməyib. Əgər Paşinyan yenidən seçkilərə getsə, eyni ikili seçimlə – ya sülh, ya müharibə – çıxış edəcək. Cavab isə yenə bəllidir. Çünki onun rəqibləri olan revanşist qüvvələr yalnız müharibədən danışırlar. Beləliklə, Paşinyan erməni cəmiyyətinə "məcburi alternativ" təqdim edir, bir səbəb də budur”.
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.