Yanlış bilinən doğrular: Oruc tutarkən bunlara DİQQƏT

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib. Fətvaya görə, Ramazan ayının ilk günü martın 1-ə təsadüf edəcək.
Bəziləri orucu pozan şərtlərdən xəbərdar olsa da, bəziləri hələ də bunları bilmirlər. Maraqlıdır, hamının yalnış bildiyi ancaq doğru olan qaydalar hansılardır? Kimlər oruc tutmamalıdır?
Suallarımızı cavablandıran ilahiyyatçı Tural İrfan “Ajans.az”a açıqlamasında deyib ki, oruc sağlam insan üçün vacibdir:
‘’Oruc tutmağa mükəlləf olan şəxs həddi buluğa çatmış, ağıllı və sağlam olmalıdır. Müsafir şəxslər və hamilə qadınlar səhhətlərində problem olmazsa, oruc tuta bilərlər. Bəziləri düşünür ki, səfərdə oruc tutmaq olmaz. Amma bu, yanlış düşüncədir. Əvvəllər müsafirlər at və dəvə ilə çətin səfərlər edirdilər. Lakin müasir nəqliyyat vasitələri ilə səfər edən şəxslər oruc tuta bilərlər.Oruc tutan şəxs yeməkdən, içməkdən və intim münasibətdən uzaq olmalıdır. Bunlar orucu pozur. Bəzi əməllər isə şübhəlidir və alimlər bu əməllərdən çəkinməyi vacib sayır. Çünki bunlar orucu pozma ehtimalını artırır. Bunlara siqaret çəkmək və qatı tüstü ilə təmas daxildir. Qatı toz və ocaq tüstüsündən uzaq durmaq lazımdır. Sübh azanına qədər cünub vəziyyətində qalmaq ehtiyatlı olmaq məqsədilə olmaz. Əgər intim münasibət olmuşsa, sübhə qədər qüsl almaq vacibdir’’.
Ekspert qeyd edib ki, başı tamamilə suya batırmaq da orucu poza bilər:
‘’ İnsanı dindən çıxaracaq və ya asi,fasiq edəcək günahlar orucu pozar. Bu əməllər qəti olaraq orucu pozmasa da, orucda şübhə yarada bilər. Ona görə də bu əməllərdən çəkinmək vacibdir. Ahıl yaşlılar, ağır səfərdə olanlar, hamilə və uşaq doğmuş qadınlar, xəstələrə zərər vuracaqsa, həmin şəxslər oruc tutmaya bilərlər. Tüpürcək udmaq orucu pozmur. Bəzi insanlar iyrənclik edərək yollara ağız sularını atırlar. Amma bu, düzgün deyil.İnsan yalnız qida və maddi şeylərdən deyil, həm də günah və pis əməllərdən, mənfi niyyətlərdən də pəhriz etməlidir" .