"WhatsApp" yazışmalarımız gizli izlənilə bilər? - AÇIQLAMA

"WhatsApp" yazışmalarımız gizli izlənilə bilər? -
WhatsApp
Cəmiyyət 25-02-2025 - 17:06

“WhatsApp izləmə xidməti, istədiyiniz nömrəni təqdim edin, WhatsApp yazışmalarını oxuyun” kimi reklamlarla son zamanlarda tez-tez rast gəlinir.

Bəs, həqiqətən də başqa birinin WhatsApp mesajlarını oxumaq mümkündürmü?

Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev "Ajans.az"a bildirib ki, müxtəlif reklamlar vasitəsilə "başqasının WhatsApp mesajlarını oxumaq" xidmətləri qəbuledilməzdir:      

"Bu tip xidmətlərin çoxu qanunsuzdur və etik problemlər yaradır. Ümumiyyətlə, başqasının "WhatsApp" hesabına icazəsiz daxil olmaq, mesajlarını oxumaq qeyri-etik, qanuni ola bilməz.

Belə xidmətlər əsasən iki əsas metodla həyata keçirilə bilər.

Haker üsulu ilə bir şəxsin telefonuna və ya "WhatsApp" hesabına icazəsiz giriş əldə etmək üçün hakerlik metodları istifadə oluna bilər. Bu cür girişlər üçün xüsusi proqramlar və ya fişing (aldatma) metodları istifadə edilir. Məsələn, bir şəxsi aldadaraq ona zərərli proqram (spyware) yüklətmək və yaxud telefonunun fiziki əldə edilməsi ilə hesabına daxil olmaq mümkündür.

"WhatsApp Web" və bənzər "QR" əsaslı funksiya ilə başqa hesaba daxil oluna bilər. Bunun üçün istifadəçinin əsas telefonundan istifadə edilir. Bu xidməti bir çoxumuz öz rahatçılığımız üçün istifadə edirik. Amma diqqət etməliyik ki, telefonumuz başqalarının əlinə keçməsin. "WhatsApp" proqramımızın “Linked Devices” bölməsində tanımadığımız cihazlar olmasın. 

"WhatsApp" və digər mesajlaşma tətbiqləri, məlumat təhlükəsizliyi və məxfilik məsələlərinə ciddi yanaşırlar. Hər zaman şəxsi məxfilik hüquqlarına hörmət göstərmək, etibarlı, qanuni yollarla ünsiyyət qurmaq ən düzgün yanaşmadır".

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: