Tətbiqdə göstəriləndən fərqli maşınla ünvana gələn taksi sürücülərinə CƏZA
Son dövrlərdə “Bolt”, “Uber” və s. şirkətlərin taksi sürücüləri yeni üsula əl atıb. Bildiyimiz kimi, istehsal ili 2000-2008 olan avtomobil sürücüləri taksi faaliyyəti göstərə bilməz.
Belə olduğu halda, onlar başqa maşınla qeydiyyatdan keçir. Amma qarşılama yerinə gələn avtomobil tətbiqdə göstəriləndən fərqli olur. Nəticədə müəyyən problemlər ortaya çıxır.
Bəs, bu cür hallar necə tənzimlənməlidir?
Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, ümumiyyətlə bu problem yaşanmamalıdır:
“Çünki bu sahədə xidmətin keyfiyyəti aşağı düşür. Bunu bəzi sürücülər öz məqsədləri və qaydalara uymamaq naminə edirlər. Bu da yaxşı görsənmir. Hər kəs narazıdır. İnsan komfort kateqoriyaları avtomobili seçir və ona uyğun ödəniş edir. Amma gələn köhnə “Prius” olur. Bu, artıq o deməkdir ki, burada “xidmət” sözünü belə işlətmək yalnışdır. Mənim fikrimcə, məsələyə hüquqi cəhətdən yanaşmaq lazımdır.
Problemlər yaşanmadan qarşısı alınmalıdır. Bunu edən taksi şirkətləri AYNA tərəfindən cərimələnib. 20-40 min manat cərimə tətbiq edilib. Ümumilikdə, xidmətə kölgə salan əməllər aradan qaldırılmalıdır. Əvvəl daha çox olurdu. İndi isə bir az azalıb. Şirkət elə sürücüləri aşkar etdikdə dərhal xidmətdən uzaqlaşdırır”.