Taliban Əfqanıstanın səfirini və baş konsulunu Almaniyadan geri çağırdı
“Taliban” radikal islamçı hərəkatı Əfqanıstanın Berlindəki səfirini və ölkənin Bonndakı baş konsulunu geri çağırıb.
Ajans.az xəbər verir ki, bu barədə AFP Almaniya Xarici İşlər Nazirliyinə istinadən yazır.
“Der Spiegel”ə görə, bundan bir neçə həftə əvvəl Bonn və Berlində Taliban və Əfqanıstan nümayəndələri arasında “ixtilaflar” yaranıb. Əfqanıstanın Almaniyadakı səfiri Yama Yari və baş konsul Səid Lütfullah Sadat 2021-ci ildə Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirməzdən əvvəl öz vəzifələrinə təyin ediliblər.
Kabildən alman diplomatlara verilən açıqlamada Bonn və Berlindəki əfqan diplomatların radikal islamçılarla "koordinasiya" olmadan bəzi "ixtiyari" qərarlar qəbul etdikləri bildirilib. Bu fonda Taliban daha əvvəl ölkənin Berlin və Bonndakı nümayəndəliklərində verilən viza və pasportları etibarlı hesab etməyəcəklərini açıqlamışdı. İslamçılar Qərb ölkələrindəki bir sıra digər diplomatik missiyalar haqqında da eyni cür danışırdılar.
Eyni zamanda, Talibanın Münhendəki baş konsuluna qarşı heç bir şikayəti yoxdur, baxmayaraq ki, o, radikal islamçılar hakimiyyətə gəlməmişdən əvvəl də bu vəzifəyə təyin edilib. Bundan başqa, Kabil Münhendəki diplomatik missiyanın işini indiki Bavariya və Baden-Vürtemberq əyalətlərindən Almaniyanın digər bölgələrinə genişləndirməyə çalışıb, lakin bu, beynəlxalq normalara ziddir.