Səhvən başqasının hesabına göndərilən pullar geri qaytarılacaq- DİQQƏT

Səhvən başqasının hesabına göndərilən pullar geri qaytarılacaq-
Cəmiyyət 13-02-2025 - 11:12
 60

Bankların mobil tətbiqi işimiz xeyli asanlaşdırıb. İstənilən şəxsin kartına qısa müddət ərzində əziyyət çəkmədən pul göndərə bilirik. Lakin kiçik diqqətsizlik bəzən kartın rəqəminin səhv yazılmasına və nəticədə pulun başqa karta köçürülməsinə səbəb olur. Bəs bu zaman nə etməliyik? Bank həmin pulu geri qaytarırmı? Ümumiyyətlə, bu məsələ qanunla necə tənzimlənir?

Suallarımızı cavablandıran bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Ajans.az"a açıqlamasında bildirib ki, ümumi qaydaya görə, bir şəxs kart nömrəsini düzgün yığmayaraq pulu başqasının hesabına köçürübsə, mütləq öz bankına müraciət etməlidir:

‘’Bu zaman müştəri olduğunuz bank problemi həll edəcək. Beləki onlar qarşı tərəfin istifadəçi olduğu banka müraciət edərək yanlışlıqla bağlı onlara xəbər verəcəklər. Daha sonra, bank həmin müştəri ilə əlaqə saxlayaraq məlumatın doğru olub-olmadığını maraqlanacaq. Bəlkə, həmin şəxs səhvliklə deyil, fikrini dəyişdiyi üçün pulu geri istəyir? Əgər qarşı tərəf iddianı qəbul edərsə, pulun geri qaytarılması üçün komissiya haqqı çıxılacaq. Bu ən sadə haldır. Lakin həmin şəxs pulu geri qaytarmaq istəməsə, artıq iş məhkəməlik olur. Çünki heç kəs həmin adamdan məcbur pul qaytarmasını tələb edə bilməz. Bu halda şikayyətçi həmin bankı məhkəməyə verməlidir. Çünki pulun kimin hesabına köçürüldüyünü görə bilmirik. Yalnız bankın adı göstərilir. Bu halda bank müştərisinin adını deməyə məcbur qalacaq. Daha sonra tərəflər üzləşdiriləcək. Əgər şikayyətçi iddialarını əsaslandırarsa, səhvən ödənilən pul məhkəmə qərarı ilə qaytarılacaq. Təbii ki, bəziləri prossesin uzunluğundan xəbardardır. Ona görə də kiçik məbləğə görə məhkəməyə müraciət etmək çətindir. Ancaq bunun həlli üçün başqa yol yoxdur. Yalnız banka müraciət etməklə pulu qaytarmaq mümkün ola bilər. Əks halda, pulunuz batacaq. Unutmamalıyıq ki, hec bir bankın müştəri haqqında məlumat vermə kimi haqqı yoxdur".

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: