Şəhid polkovnik-leytenantın atası VƏFAT ETDİ
2016-cı ilin “Aprel döyüşləri"nin iştirakçısı, şəhid polkovnik-leytenant Sənan Axundovun atası Tahir Axundov bu gün – oktyabrın 19-da vəfat edib.
Ajans.az xəbər verir ki, bu barədə Axundovlar ailəsindən bildiriblər. Mərhum Tahir Axundov Beyləqan rayonunda yerləşən “Cərciz Peyğəmbər" məzarlığında son mənzilə yola salınıb.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Sənan Axundov da həmin məzarlıqda dəfn olunub. Mərhum Tahir Axundov vəsiyyətinə uyğun olaraq oğlunun yanında torpağa tapşırılıb.
Sənan Axundov ailənin yeganə oğul övladı idi. O, Müdafiə Nazirliyində İnformasiya şöbəsinin sektor müdiri vəzifəsində xidmət etmişdi. Aprel döyüşləırindən öncə ailənin tək oğul övladı olmasına baxmayaraq, tutduğu vəzifədən imtina edərək, könüllü şəkildə ön cəbhəyə getmişdi.
Sənan Tahir oğlu Axundov 1979-cu il sentyabrın 29-u Füzuli rayonunda anadan olub. 1993-cü ildə Axundovlar ailəsi Füzulidən məcburi kökçün düşüb. Sənan Axundov 1997-ci ildə Bakının Binəqədi rayonundakı 144 nömrəli tam orta məktəbi bitirərək, Ali Hərbi Məktəbə daxil olub. 2001-ci ildə Ali Hərbi Məktəbi bitirib və "N" saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlayıb.
2005-ci ildə Almaniyada Hərbi Akademiyanı bitirəndən sonra Müdafiə Nazirliyi Aparatında xidmətə davam edib.
2016-cı ildə Müdafiə Nazirliyindəki sektor müdiri vəzifəsindən imtina edərək könüllü şəkildə cəbhə bölgəsinə gedib. Həmin il “Aprel döyüşləri”ndə vuruşub. Aprelin 18-də cəbhənin Yastıtəpə sahəsində minaya düşərək ağır yaralanıb. Füzuli rayonunun ərazisində yerləşən hərbi hospitala çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Polkovnik-leytenant Sənan Axundov Beyləqanda yerləşən "Cərciz Peyğəmbər" məzarlığında son mənzilə yola salınıb. Sənan Axundov Bakıdakı 34 nömrəli orta məktəbin direktoru Nəcibə Axundova ilə evli idi. Şəhidin Tahir adlı oğul və Nəzrinə adlı qız övladı yadigar qalıb.