Uşağın anadan olmasına görə 300-500 MANAT MÜAVİNƏT

"Bəzi sosial şəbəkə səhifələrində vətəndaşa uşağın anadan olmasına görə müavinət təyinatına dair guya saxta SMS göndərilməsi ilə bağlı paylaşılan məlumatlar doğru deyil".
Ajans.az bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili sosial mediada məlumat yayıb.
Bildirilib ki, həmin SMS-lər İbrahimov Əli Nəbi oğluna göndərilib:
"Belə ki, o, 2022-ci ildə və 2024-cü ildə doğulan övladlarının hər ikisinə bu ilin mart ayında doğum haqqında şəhadətnamə alıb. Bundan sonra e-qaydada ona hər iki uşağın doğulmasına görə müavinət (həmin müavinət 2022-ci ildə 300 manat, 2024-cü ildə 500 manat olub) təyin olunub. Lakin Ə.İbrahimovun adına olan telefon nömrəsini başqa şəxs istifadə etdiyi üçün SMS-i da o oxuyub və mesajın saxta olduğunu düşünərək ictimailəşdirib".
Məlumata görə, qeyd edilən müavinət uşağa doğum haqqında şəhadətnamə alındığı anda e-qaydada proaktiv təyin edilərək valideynlərdən birinin adına olan mobil nömrəyə bu barədə bildiriş göndərilir.