Rumıniya prezidentliyinə namizəd SAXLANILDI

Rumıniya prezidentliyinə namizəd
Namizəd
Dünya 26-02-2025 - 16:40

Rumıniyada prezidentliyə keçmiş müstəqil namizəd Kalin Georgesku saxlanılıb.

Ajans.az xəbər verir ki, bu barədə News.ro portalı məlumat yayıb.

Məhkəmə mənbələri nəşrə bildiriblər ki, Georgesku dindirilmək üçün prokurorluğa aparılıb.

O, “Konstitusiya quruluşuna qarşı hərəkətlər etməkdə, ictimai təhrik etməkdə, faşist təşkilatı yaratmaqda və seçki kampaniyasının maliyyə mənbələri ilə bağlı yalan məlumat verməkdə” şübhəli bilinir.

Prokurorlar və polis Rumıniyanın Sibiu, Mures, Timis, İlfov və Kluj rayonlarında 50-yə yaxın axtarış aparıb. Rumınların Birləşdirilməsi Alyansı (AUR) partiyasının lideri George Simion parlamentarilərlə birlikdə Georgeskunun saxlanması ilə bağlı izahat tələb etmək üçün prokurorluğa gedəcək.

Rumıniyada 2024-cü il noyabrın 24-də keçirilən prezident seçkilərinin birinci turunda Rusiya ilə ittifaqı müdafiə edən və ABŞ-nin Ukraynaya silah satışını tənqid edən Georgesku qalib gəlib.

Dekabrın 6-da Rumıniyanın Konstitusiya Məhkəməsi birinci turun nəticələrini ləğv edib və seçki kampaniyası da daxil olmaqla, yeni prosedura göstəriş verib. Məhkəmə öz qərarını “seçki kampaniyası zamanı seçicilərin səslərinin manipulyasiyası” ilə izah edib. Yenidən seçkilər mayın 4-də keçiriləcək, ikinci tur isə mayın 18-nə təyin ediləcək.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: