Paytaxt yolları iflic vəziyyətdə- KİMDİR MÜQƏSSİR?

Azərbaycanda qarlı hava şəraiti nəqliyyatın hərəkətində çətinliklərə səbəb olur. Xüsusilə, yolların buz bağlaması və qar örtüyü səbəbindən bəzi bölgələrdə nəqliyyatın hərəkəti məhdudlaşıb.
Məsələn, bu gün saat 19:00 radələrində Əhmədli ərazisində qar yağışından sonra yaranan sürüşkən yol şəraiti səbəbindən avtomobil qəzası baş verib. Hava proqnozlarına görə, yaxın günlərdə də qar yağışı və soyuq hava şəraiti davam edəcək.
Xatırladaq ki, ötən gün AAYDA hava şəraitinə görə texnikalar hazır vəziyyətə gətirilməsi ilə bağlı açıqlama verdi. Ancaq bu gün paytaxt yollarında vəziyyətin acınacaqlı olması ilə bağlı şikayətlər var. Maraqlıdır, texnikalar hazır olduğu təqdirdə yollar niyə pis gündədir? Kimdir müqəssir?
Suallarımızı cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Ajans.az”a bildirib ki, əsas küçə və prospektlərdə problem olmayıb:
‘’Gecədən bəri texnikalar qum, duz daşıyaraq küçələri təmizləyirlər. Ola bilsin ki, ara küçələrdə problemlər yaşansın. Təbii ki, bütün küçələri qısa vaxtda təmizləmək qeyri-mümkündür. Amma texnikalar fəaliyyətlərini davam etdirirlər. Qeyd edim ki, bizlər də qışa tam hazır deyilik. Yəni, bütün nəaliyyat vasitələrinin 10 faizi qış təkərlərindən istifadə etmir. Uzun illərdir ki, sərt qış keçmədiyinə görə, vətəndaşlar qış təkəri almağı düşünmürlər. Bu səbəbdən sürücülər bəzi ərazilərdə çətinlik yaşayırlar. Bütün bunlara baxmayaraq, müvafiq qurumlar öz işlərini davam etdirməlidir. Hazırda toplanan, tədarük edilən qumlar səpilməlidir. Çox ehtimal, gecəyə doğru şaxta olacaq. Bu şəraitdə vətəndaşlara vacib olmadığı boyunca avtomobil istifadə etməyi tövsiyə etmirik. Xüsusi ilə qış təkəri olmayan avtomobil sürücüləri ehtiyyatlı olsunlar".