Vərəsələrlə bağlı YENİ TƏLƏB
Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı, bölünməsi və vərəsəlik qaydalarında yeni tələblər müəyyənləşdiriləcək.
Ajans.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin iyunun 25-də keçirilən iclasında müzakirə olunan Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə görə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satılarkən həmin torpaq sahəsi ilə bilavasitə ümumi sərhədə malik olan torpaq sahələrinin mülkiyyətçiləri onu eyni şərtlərlə almaqda üstünlük hüququna malik olacaqlar.
Sənədə əsasən, dövlətin özgəninkiləşdirmə ehtiyacları istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı və ya digər özgəninkiləşdirilməsi nəticəsində bölünməsinə yalnız bölünmə nəticəsində yaranan hər bir torpaq sahəsinin ölçüsü 5 hektardan az olmadıqda icazə veriləcək.
Dəyişikliklərə əsasən, kəndli təsərrüfatının yerləşdiyi torpaq bir neçə vərəsə arasında bölüşdürülərkən də hər bir vərəsəyə düşən torpaq sahəsinin ölçüsü 5 hektardan az olmamalıdır.
Bu bölgü mümkün olmadıqda isə torpaq sahəsi onun üzərində yerləşən kəndli təsərrüfatı ilə birlikdə satılacaq, vərəsələr isə öz paylarını pul şəklində alacaqlar.