Reklam resmi
Reklam resmi

Sənədləriniz sistemə yüklənib dedilər, səfirlik təkzib etdi - Pilgrim təhsil şirkətindən ŞİKAYƏT

Sənədləriniz sistemə yüklənib dedilər, səfirlik təkzib etdi - Pilgrim təhsil  şirkətindən ŞİKAYƏT
Cəmiyyət

Vətəndaşlar Gülnar Ramazanova, Selcan Pənahlı və Gülnar Ələkbərova xaricdə təhsil xidməti göstərdiyini bildirən və rəhbərinin Aisa Aslanova olduğunu qeyd etdiyi Pilgrim təhsil şirkətindən şikayətçidirlər.

Şikayətçi Gülnar Ramazanova Ajans.az-a müraciətində bildirib ki, Almaniyada təhsil almaq məqsədilə şirkətə ümumilikdə 9 050 manat, əlavə ödənişlərlə birlikdə isə təxminən 9 250 manat vəsait ödəyib. Onun sözlərinə görə, ödənişlərə baxmayaraq, vəd edilən xidmətlər göstərilməyib və bu günə qədər pulu geri qaytarılmayıb.

Gülnar Ramazanova iddia edir ki, müqavilə bağlanarkən ona təqdim edilən siyahıdakı universitetlərə müraciət edilməyib. Daha sonra ona Berlində yerləşən bir təhsil müəssisəsi təklif olunub və o, çıxış yolu olmadığı üçün həmin təklifi qəbul edərək 200 manat ödəniş edib. Şikayətçinin sözlərinə görə, bir müddət sonra şirkət nümayəndələri təcili şəkildə universitetdə yer bron edilməli olduğunu bildirərək əlavə ödəniş tələb ediblər. O iddia edir ki, gecə saatlarında ona mesaj yazılaraq vəsait göndərilməsi istənilib və ertəsi gün Leyla Mustafayevanın bank kartına 7 250 manat köçürüb. Bununla bağlı çeklərin və yazışmaların onda olduğunu deyir.

Ramazanova bildirir ki, ötən ilin sentyabr ayında universitetə göndərildiyi deyilən vəsaitlə bağlı heç bir rəsmi ödəniş sənədi və ya çek ona təqdim olunmayıb. Onun sözlərinə görə, şirkət tərəfindən uzun müddət vizaya müraciətin edildiyi və sənədlərinin sistemə yükləndiyi bildirilib. Lakin daha sonra Almaniya səfirliyi ilə əlaqə saxladıqda sənədlərinin ümumiyyətlə sistemə daxil edilmədiyini öyrənib. “Fevral ayından mənə deyirdilər ki, sənədləriniz hazırdır, sistemə yüklənib və Almaniya səfirliyindən cavab gözləyin. Sonradan səfirlikdən öyrəndim ki, sənədlərim ümumiyyətlə sistemə daxil edilməyib”, – deyə şikayətçi bildirib. Gülnar Ramazanova qeyd edib ki, pulu geri tələb etdikdə ona universitetə müraciət edildiyi və vəsaitin qaytarılması üçün ərizə yazmalı olduğu bildirilib. Onun sözlərinə görə, pulun maksimum üç həftə ərzində geri qaytarılacağı deyilsə də, artıq beş həftə keçməsinə baxmayaraq nəticə yoxdur. Şikayətçi iddia edir ki, özündən başqa təxminən 30 nəfər də oxşar problemlə üzləşib. Onun sözlərinə görə, məsələ ilə aidiyyəti qurumlara müraciətlər edilib. Ramazanova bildirib ki, əlində ödəniş qəbzləri, yazışmalar və digər sübutlar mövcuddur. O, məsələnin araşdırılmasını xahiş edir.

Mövzu ilə bağlı daha bir şikayət isə vətəndaş Selcan Pənahlıdan daxil olub. O da xaricdə təhsil xidmətləri göstərən Pilgrim Təhsil Şirkətindən şikayətçidir.

Şikayətçi bildirib ki, şirkət tərəfindən ona Almaniyada təhsil almaq, müxtəlif universitetlərə qəbul olunmaq və viza prosesində dəstək göstərilməsi vəd edilib. Bu xidmətlər müqabilində şirkətə 2200 manat ödəniş etdiyini deyən Selcan Pənahlı, verilən vədlərin yerinə yetirilmədiyini iddia edir. Onun sözlərinə görə, şirkət tərəfindən göstəricilərinin Almaniya universitetlərinə qəbul üçün kifayət etdiyi və qəbul şansının çox yüksək olduğu bildirilib. Bununla yanaşı, universitetlərə müraciət və viza prosesi ilə bağlı peşəkar dəstək göstəriləcəyi vəd olunub. Şikayətçi qeyd edib ki, bütün tələb olunan sənədləri vaxtında toplayıb, IELTS imtahanını şirkətin göstərdiyi tarixdə verib və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Buna baxmayaraq, iki il ərzində heç bir universitetdən müsbət cavab almayıb. Selcan Pənahlının sözlərinə görə, sonradan bəzi tələbələr universitetlərlə birbaşa əlaqə saxlayaraq onların adından ümumiyyətlə müraciət edilmədiyini öyrəniblər. O bildirib ki, imzaladığı ilk müqavilədə universitetdən qəbul gəlmədiyi halda ödənilən məbləğin 20 faizinin geri qaytarılması nəzərdə tutulub. Daha sonra imzalanan əlavə sənəddə isə vəsaitin 100 faiz geri qaytarılacağı göstərilib. Şikayətçi qeyd edib ki, bununla bağlı şirkətə dəfələrlə müraciət etsə də, proses aylarla uzadılıb. Onun iddiasına görə, sonradan şirkət tərəfindən ödənişin qaytarılmayacağı bildirilib. Selcan Pənahlı həmçinin iddia edir ki, onun kimi onlarla tələbə də oxşar problemlərlə üzləşib. Onun sözlərinə görə, bir çox tələbələr ödəniş etdikləri halda vəd olunan xidmətləri ala bilmədiklərini bildirirlər. Şikayətçi məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını istəyir. O, ödəniş qəbzlərini, müqavilələri, yazışmaları və digər sübutları təqdim etməyə hazır olduğunu da bildirib.

Digər bir şikayətçi Gülnar Ələkbərova daxaricdə təhsil xidmətləri göstərən Pilgrim şirkətindən şikayətçi olduğunu bildirib.

O, Ajans.az-a müraciətində qeyd edib ki, 4 mart 2025-ci il tarixində şirkət tərəfindən ona 1000 manat məbləğində “xüsusi təhsil paketi” təklif olunub. Şikayətçinin sözlərinə görə, paket çərçivəsində bir il ərzində əsasən təqaüdlü və münasib xarici layihələrə yönləndiriləcəyi, həmçinin həmin layihələrdə iştirakı üçün dəstək göstəriləcəyi bildirilib.

Gülnar Ələkbərova qeyd edib ki, bu xidmətlərdən yararlanmaq məqsədilə şirkətə ödəniş edib. Lakin sonradan vəd olunan xidmətlərin göstərilmədiyini iddia edir. Onun sözlərinə görə, müraciətləri zamanı ona uyğun layihələrin olmadığı bildirilib. Təqdim olunan layihələrin isə maddi baxımdan ilkin verilən məlumatlara uyğun gəlmədiyi qeyd olunub. Şikayətçi bildirib ki, ilkin mərhələdə layihələrin böyük hissəsinin ödənişsiz və ya minimal xərcli olacağı deyilsə də, sonradan ona yalnız ödənişli layihələr təqdim edilib. “Bildirirdilər ki, hazırda bütün layihələr ödənişlidir, lakin bir il ərzində mənə uyğun variant tapılacaq. Ancaq sonradan belə bir layihə təqdim olunmadı”, – deyə o vurğulayıb.

Şikayətçi hesab edir ki, ona təqdim edilən xidmətlər əvvəlcədən verilən məlumatlara uyğun olmayıb və məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılmasını istəyir.

author picture
Tərlan Əmrahova
Mövzular:
Aisa Aslanova Pilgrim təhsil şirkəti Şikayət

Digər Xəbərlər