30 suala cavab verə bilməyən müəllim uşaqlara dərs deməlidirmi?
Elm və təhsil naziri bildirib ki, sertifikatlaşdırmadan keçə bilməyən minlərlə müəllimin əmək müqaviləsinə xitam verilib və bu, təhsil sistemində ən ağrılı proseslərdən biri olub.
Ajans.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev APA İnformasiya Agentliyi, Trend İnformasiya Agentliyi və “Xəzər” televiziya kanalına müsahibəsində bu qərarların asan verilmədiyini, lakin təhsilin keyfiyyətinin artırılması baxımından vacib olduğunu qeyd edib.
Emin Əmrullayev bildirib ki, sertifikatlaşdırma prosesinin əsas məqsədi müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsidir.
Nazirin sözlərinə görə, təhsil sistemində ən çətin qərarlardan biri uzun illər işləyən müəllimlərlə bağlı addımların atılmasıdır:
“Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir. Onların ehtiyaclarını anlamaq vacibdir. Eyni zamanda təhsilin keyfiyyətini təmin etmək də əsas məsələlərdən biridir.”
Nazir vurğulayıb ki, müəllimin minimum bilik göstəricilərinə malik olması vacibdir və şagirdlərə keyfiyyətli təhsil vermək üçün müəyyən tələblər qarşılanmalıdır.
Sertifikatlaşdırma ilə bağlı danışan Emin Əmrullayev qeyd edib ki, sadə sualların böyük hissəsinə cavab verə bilməyən müəllimlərin dərs prosesində effektiv fəaliyyət göstərməsi ciddi suallar yaradır.
O bildirib ki, məqsəd müəllimləri cəzalandırmaq deyil, təhsil sistemində keyfiyyətin yüksəldilməsinə nail olmaqdır.
Nazirin fikrincə, təhsildə aparılan islahatlar nəticəsində məktəblərdə daha hazırlıqlı və peşəkar kadrların fəaliyyət göstərməsi təmin edilməlidir.
Qeyd edək ki, son illərdə keçirilən sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən, müəyyən sayda müəllimin əmək müqaviləsinə xitam verilib. Bu məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub.