Reklam resmi
Reklam resmi

Prestijli ixtisas tələsi abituriyentlərə xəbərdarlıq

Prestijli ixtisas tələsi abituriyentlərə xəbərdarlıq
Gündəm

İxtisas seçimi mərhələsində verilən qərarlar gənclərin gələcək karyerasına birbaşa təsir göstərir.

Ajans.az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, abituriyentlər yalnız mövcud nəticələrini deyil, gələcək əmək bazarının tələblərini də nəzərə almalıdırlar. 

Ekspertin sözlərinə görə, ixtisaslaşma bütün bu prosesin ən həlledici və ən çətin mərhələsidir: 

“Bu zaman təkcə bugünkü və ya 5 il sonrakı deyil, gələcəyin ixtisasları müəyyənləşdirilməli və qərar buna uyğun verilməlidir. Həm abituriyentlər, həm də valideynlər ixtisas seçimi zamanı tez-tez səhvlərə yol verirlər. Təəssüf ki, bir çox hallarda seçimlər kortəbii şəkildə edilir. Hansı universitet və ya hansı ixtisas olmasının fərq etmədiyi düşünülür. Təhsil haqqı, yol xərcləri və digər vacib amillər lazımi səviyyədə nəzərə alınmır. Nəticədə isə sonradan ixtisasın və ya universitetin dəyişdirilməsi ilə bağlı problemlər yaranır.” 

Elçin Əfəndi hesab edir ki, yüksək maaş və prestij amilinə görə seçim etmək də risklidir: 

“Bəzi gənclər yalnız məşhur hesab edilən ixtisaslara üstünlük verdikləri üçün daha uyğun seçim imkanlarını qaçırırlar. Valideyn müdaxiləsi də müəyyən problemlərə səbəb olur. Onlar çox zaman övladlarının özləri kimi olmasını istəyirlər. Həkimdirsə həkim, hüquqşünasdırsa hüquqşünas olmağa yönləndirirlər. Bu təzyiq isə sonradan ixtisas dəyişikliyi və ya tamamilə başqa sahəyə keçidlə nəticələnə bilir. Valideynlər övladlarının maraq və bacarıqlarını nəzərə almalı, seçimlərinə istiqamət verməli, lakin qərarı onlara buraxmalıdırlar".

Ekspert bu il də ən çox maraq göstəriləcək istiqamətlər arasında tibb, stomatologiya, pedaqoji, informasiya texnologiyaları, iqtisadiyyat, dizayn və idman sahələrinin yer alacağını proqnozlaşdırır. Bununla yanaşı, o, əmək bazarında kənd təsərrüfatı yönümlü mütəxəssislərə ciddi ehtiyac olduğunu xatırladıb: 

“Hazırda əmək bazarında kənd təsərrüfatı sahəsi üzrə kadrlara daha çox ehtiyac var. Buna görə də abituriyentlər bu istiqamətdəki ixtisasları da diqqətdə saxlamalıdırlar. Dəbdə olan ixtisaslara yönəlmək gələcəkdə əmək bazarında problemlər yarada bilər. Bu gün informasiya texnologiyaları və informasiya təhlükəsizliyi kimi ixtisaslara böyük maraq var. Lakin gələcəkdə həmin sahələr üzrə məzun sayı artdıqca məşğulluqla bağlı müəyyən çətinliklər yarana bilər. Ona görə də dəbdə olan deyil, gələcəyin ixtisaslarına üstünlük verilməlidir.” 

“İxtisas seçərkən universitetin beynəlxalq nüfuzu, təhsil keyfiyyəti və proqramın xaricdə tanınması da əsas meyarlardan biri olmalıdır. Dünya səviyyəsində tanınan, beynəlxalq statusa malik proqramlar üstünlük təşkil etməlidir. Tədrisin ingilis dilində aparıldığı ixtisasların seçilməsi də daha məqsədəuyğun hesab oluna bilər”, – deyə E.Əfəndi qeyd edib. 

Mələksəda Ziyad

Mövzular:
ixtisas seçimi abituriyent peşə

Digər Xəbərlər