Reklam resmi
Reklam resmi

Mərkəzi Bank investisiya şirkətlərinə yeni tələblər qoyub

Mərkəzi Bank investisiya şirkətlərinə yeni tələblər qoyub
Cəmiyyət

Mərkəzi Bank investisiya şirkətlərinin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə “İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qayda”nı təsdiq edib.

Ajans.az xəbər verir ki, yeni qayda investisiya şirkətləri və xarici investisiya şirkətlərinin filialları üçün məcmu kapitalın strukturu, komponentləri, likvidlik və kapital adekvatlığı tələblərini müəyyən edir.

Qaydaya əsasən, investisiya şirkətlərinin məcmu kapitalı onların biznes strategiyasını dəstəkləməli və bazarda baş verə biləcək əlverişsiz dəyişikliklər zamanı maliyyə dayanıqlığını təmin etməlidir. Sənəddə qeyd olunur ki, məcmu kapital yalnız pul vəsaiti hesabına ödənilmiş maliyyə alətlərindən formalaşdırıla bilər və şirkətlər fəaliyyətləri boyunca həm hesablanmış kapital tələbinə, həm də minimum nizamnamə kapitalına bərabər və ya ondan yüksək həcmdə məcmu kapital saxlamalıdırlar.

Yeni tələblərə görə, investisiya şirkətinin məcmu kapitalı I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitalın cəmindən məcmu kapitaldan tutulmalar çıxıldıqdan sonra müəyyən edilir. Mərkəzi Bankın yanaşmasına əsasən, kapitalın keyfiyyətinin artırılması məqsədilə əsas kapitalın payına xüsusi önəm verilir.

Qaydada I dərəcəli kapitalın investisiya şirkətinin hesablanmış məcmu kapitalının ən azı 50 faizini təşkil etməsi tələbi müəyyən edilib. Bu kapitala tam ödənilmiş adi səhmlər, kapital artıqlığı və əvvəlki illərin bölüşdürülməmiş mənfəəti daxil edilir. Belə yanaşma şirkətlərin dayanıqlı və yüksək keyfiyyətli kapital bazasına malik olmasını təmin etməyə yönəlib.

II dərəcəli kapitalın məbləği isə I dərəcəli kapitalın həcmindən çox ola bilməz. Əlavə kapitalın tərkibinə cari ilin mənfəəti və müəyyən şərtlərə cavab verən hibrid kapital alətləri daxil edilir. Bu məhdudiyyət kapital strukturunda əsas kapitalın üstün mövqeyinin qorunmasına xidmət edir.

Sənədin mühüm yeniliklərindən biri də məcmu kapitaldan tutulmalarla bağlı tələblərin dəqiqləşdirilməsidir. Belə ki, geri alınmış adi səhmlər, qeyri-maddi aktivlərin xalis dəyəri, təxirə salınmış vergi aktivləri, maliyyə ili üzrə zərərlər, eləcə də ticarət portfelində əks olunmayan törəmə müəssisələrə və digər hüquqi şəxslərin kapitalına edilmiş investisiyalar məcmu kapitalın hesablanması zamanı kapitaldan çıxılacaq.

Mərkəzi Bank hesab edir ki, bu yanaşma investisiya şirkətlərinin real maliyyə vəziyyətinin daha obyektiv qiymətləndirilməsinə imkan verəcək. Xüsusilə qeyri-maddi aktivlərin və yüksək risk daşıyan investisiyaların kapitaldan tutulması şirkətlərin risklərə qarşı dayanıqlığını artıracaq və kapital göstəricilərinin daha şəffaf formalaşmasına şərait yaradacaq.

Yeni qaydaların tətbiqi nəticəsində investisiya şirkətlərinin kapital idarəetməsi üzrə daxili mexanizmlərinin təkmilləşdirilməsi, risklərin daha effektiv qiymətləndirilməsi və maliyyə sektorunda dayanıqlılığın gücləndirilməsi gözlənilir. Sənəd həmçinin şirkətlərin kapital ehtiyaclarını əvvəlcədən planlaşdırmasını və əlavə maliyyə resurslarının cəlb edilməsi imkanlarını qiymətləndirməsini tələb edir.

author picture
Murad Əliyev
Mövzular:
Mərkəzi Bank tələblər

Digər Xəbərlər