Azərbaycan hədəfə alındı- CNN-nin MƏQSƏDİ
“CNN World” xəbər kanalının internet səhifəsində Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, eləcə də İsrailə məxsus qüvvələrin ölkə ərazisində yerləşdirilməsi barədə yayılan iddialar müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Ajans.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, bu məlumatlar reallığı əks etdirmir və Azərbaycanın rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.

“Azərbaycan elə bir dövlətdir ki, öz ərazisini başqa dövlətlərin üçüncü ölkələrə qarşı hərbi fəaliyyətləri üçün istifadəyə vermir. Azərbaycan ərazisində hər hansı xarici dövlətin hərbi bazasının və ya silahlı qüvvələrinin yerləşmədiyi heç kimə sirr deyil. Rəsmi Bakı bunu dəfələrlə bəyan edib və bu, hər kəsə məlum olan reallıqdır”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, müasir dövrdə belə fəaliyyətləri gizli saxlamaq demək olar ki, mümkün deyil:
“Peyk müşahidələri və digər kəşfiyyat vasitələri üzərindən, bu cür fəaliyyətləri asanlıqla aşkar etmək mümkündür. Ona görə də yayılan məlumatlar daha çox qərəzli və məqsədli xarakter daşıyır. Burada məqsəd Azərbaycanın hansısa formada Yaxın Şərqdəki qarşıdurmalara cəlb olunması və ölkənin münaqişə tərəflərindən biri kimi təqdim edilməsidir”.
O hesab edir ki, Azərbaycan belə informasiya manipulyasiyalarının təsiri altına düşəcək dövlət deyil:
“ Rəsmi Bakı dəfələrlə Yaxın Şərqdəki münaqişələrin dayandırılmasına, bütün problemlərin siyasi və diplomatik yollarla, danışıqlar masası ətrafında həll edilməsinə çağırış edib”.
O əlavə edib ki, Azərbaycanın həm qonşu dövlətlərlə, həm də beynəlxalq tərəfdaşlarla münasibətlərində nümayiş etdirdiyi mövqe onun səmimiliyini göstərir:
“Bu faktlar bir daha sübut edir ki, Azərbaycan balanslı və məsuliyyətli xarici siyasət yürüdür. Buna görə də ölkənin hansısa hərbi əməliyyatlarda iştirak etməsi və ya ərazisinin belə məqsədlər üçün istifadə olunması barədə iddialar qərəzli və uydurma xarakter daşıyır”.