Reklam resmi
Reklam resmi

Prezident ABŞ rəsmisini qəbul etdi: Nələr müzakirə olundu?

Prezident ABŞ rəsmisini qəbul etdi: Nələr müzakirə olundu?
Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr başda olmaqla nümayəndə heyətini qəbul edib. Görüşdə enerji təhlükəsizliyi, regional layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Məsələ ilə Ajans.az-a danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, ABŞ-nin Azərbaycanın enerji sektoruna marağının artmasının bir neçə mühüm səbəbi var.

“İlk növbədə, Azərbaycan bu gün Avrasiyanın enerji təhlükəsizliyində əsas ölkələrdən birinə çevrilib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onların 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Bu fakt Azərbaycanın təkcə regional deyil, həm də qlobal enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir”

O vurğulayıb ki, Azərbaycan uzun illərdir etibarlı və məsuliyyətli enerji tərəfdaşı kimi özünü təsdiqləyib.

“Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ şirkətləri və ABŞ diplomatiyası tarixən mühüm rol oynayıb. Bu gün əməkdaşlıq ənənəvi neft-qaz sahəsindən kənara çıxaraq yaşıl enerji, enerji keçidi, enerji infrastrukturunun şaxələndirilməsi və Mərkəzi Asiya ilə enerji əlaqələrinin gücləndirilməsi kimi istiqamətləri də əhatə edir”

Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi bərpaolunan enerji layihələri, Qara dəniz enerji kabeli təşəbbüsü və Orta Dəhliz boyunca formalaşan yeni iqtisadi-logistika imkanları da ABŞ üçün xüsusi maraq kəsb edir.

“Kaleb Orrun Bakı Enerji Həftəsində iştirakı göstərir ki, Vaşinqton Azərbaycanı enerji sahəsində uzunmüddətli və strateji tərəfdaş kimi qiymətləndirir”

O hesab edir ki, bu səfər ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanın rolunun daha da gücləndiyini nümayiş etdirir.

“Bu gün Azərbaycan regionun ən güclü iqtisadiyyatına, mühüm nəqliyyat-kommunikasiya imkanlarına və Avropanın enerji təhlükəsizliyinə birbaşa təsir göstərən resurslara malikdir. ABŞ administrasiyasının yüksək səviyyəli nümayəndəsinin Bakıya səfəri Vaşinqtonun region siyasətində Azərbaycanın strateji əhəmiyyətini nəzərə aldığını göstərir”

O qeyd edib ki, Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarını birləşdirən əsas tranzit mərkəzlərindən biridir.

“Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan enerji, nəqliyyat və logistika sahələrində qitələri birləşdirən mühüm körpü rolunu oynayır. Bu baxımdan ABŞ-Azərbaycan münasibətlərində iqtisadi və enerji əməkdaşlığının genişlənməsi regional sabitliyin möhkəmləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və yeni nəqliyyat dəhlizlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır”

Onun fikrincə, Kaleb Orrun səfəri iki ölkə arasında strateji dialoqun yeni mərhələyə keçdiyini göstərən mühüm siqnaldır.

“Bu səfər Azərbaycanın Cənubi Qafqazda ABŞ üçün əsas tərəfdaşlardan biri statusunu daha da möhkəmləndirir və tərəflərin uzunmüddətli əməkdaşlığın inkişafında maraqlı olduğunu nümayiş etdirir”

author picture
Leyla Bayandurlu
Mövzular:
Azərbaycan İlham Əliyev ABŞ Kaleb Orr Müşfiq Məmmədli

Digər Xəbərlər