AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu qurumda Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verildiyi barədə yayılmış məlumatlarla bağlı açıqlama yayıb.
Ajans.az xəbər verir ki, Modern.az-a daxil olan cavabda AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil şöbəsinin əməkdaşı, 1990-cı il təvəllüdlü Aynur Cavanşir qızı Günəşlinin R.Mehdiyevin kadrı olduğu təkzib edilir.
Ancaq təkzib mətnini diqqətlə oxuduqda nədənsə fərqli təəssürat yaradır. Açıqlamada bildirilir ki, Aynur Günəşli 11 iyun 2016-cı il tarixdən 30 aprel 2021-ci il tarixədək - 4 ildən çox AMEA Elm Tarixi İnstitutunun Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışıb, “2021-ci ildə isə 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir”.
“Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının “rəhbəri” olduğu dövrdə - 24 aprel 2021-ci ildən 25 noyabr 2022-ci ilədək AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsini daşımışdır ki, bunun da cəmisi 9 ayı (19 fevral 2022-ci ilədək) həmin mərhələyə aiddir. Tutduğu kiçik vəzifəyə görə o, hər hansı qərar qəbul etmə və ya sosial şəbəkələrdə şişirdilmiş şəkildə deyildiyi kimi, “məxfi sənədlərin hazırlanmasında” iştirak etmək səlahiyyətinə malik olmamışdır”, - cavabda qeyd edilir.
Maraqlıdır, niyə Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etməsi dırnaq içərisində verilib?
Digər tərəfdən, A.Günəşlinin 2021-ci ilin 30 aprel tarixinə qədər Elm Tarixi İnstitutunda işlədiyi, “2021-ci ildə isə AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərdiyi”, 2021-ci ilin 24 aprelindən 2022-ci ilin 25 noyabrına qədər AMEA RH Aparat rəhbərinin köməkçisi olduğu və R.Mehdiyevin dövründə cəmi 9 ay işlədiyi vurğulanır.
Aləm qarışıb: 30 aprel 2021-ci ilə qədər Elm Tarixi İnstitutunda kadrlar şöbəsinin müdiri olubsa, 24 apreldə - yəni 6 gün əvvəl - AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsinə necə təyin olunub?
Həmçinin AMEA açıqlamasında yazır: “2021-ci ildə isə 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir”.
2021-ci ilin 30 aprelində Elm Tarixi İnstitutunda vəzifəsini başa vurub, cəmi 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis olub və 24 aprel 2021-ci ildə Aparat rəhbərinin köməkçisi vəzifəsinə təyin olunub?
Burda - yəni AMEA-da nə baş verir? Özünüzü, yoxsa açıqlamanızı oxuyanları ələ salırsınız?
Qurduğunuz “tarixi ardıcıllıq”dan xəbəriniz varmı?
AMEA-nın başını itirdiyi bəlli idi, ancaq bu qurumda bu cür cavab hazırlayan “alimlərin” cəmləşdiyini öyrənmək bir ayrı kəşf oldu.