Onlar barəsində qiyabi həbs qətimkan tədbiri SEÇİLDİ
Abbas Abbasov, "Azadlıq" qezətinin baş redaktoru Qənimət Zayıdov (Qənimət Zahid) və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Ajans.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd edilib.
DTX-ın məlumatında qeyd edilib ki, Qənimət Zayıdov 2013-cü ilin əvvəlindən etibarən Əli Kərimlinin adından xarici ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə gizli əlaqəyə girərək danışıqlar aparmış, onun Azərbaycan Respublikasında hakimiyyətə gətirilməsində xarici xüsusi xidmət orqanlarının geniş təşkilati və xüsusi imkanlarından istifadə edilməsi üçün müraciət etmiş, qarşılığında Azərbaycanda xarici dövlətin strateji maraqlarının təmin ediləcəyini konkret detallar sadalamaqla vəd etmiş, eləcə də tərəflər Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan Respublikasının mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına tam üzv olacağı barədə razılaşıblar.
Eyni zamanda ittihama əsasən, Əli Kərimli adıçəkilən şəxslərlə qabaqcadan əldə olunmuş ümumi razılaşmaya uyğun qaydada cinayət əməllərini davam etdirərək, Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə, Azərbaycan Respublikası Milli Məclisinin və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib.