Süni intellekt şirin su ilə çalışır: TƏBİİ FƏLAKƏT TƏHLÜKƏSİ
Süni intellekt (AI) yalnız rəqəmsal texnologiya kimi görünə bilər, lakin onun işləməsi fiziki infrastruktura, xüsusən də məlumat mərkəzlərinə bağlıdır və bu, dolayısı ilə ekoloji təsirlərə səbəb olur.
Ajans.az-a açıqlama verən İT mütəxəssisi Elvin Abbasov bildirib ki, AI modellərinin işləməsi üçün minlərlə güclü qrafik prosessor (GPU) eyni anda işləyir və nəticədə böyük istilik yaranır.
“Bu avadanlıqların sıradan çıxmasının qarşısını almaq üçün tətbiq olunan soyutma sistemlərində, xüsusən buxarlandırıcı soyutma (evaporative cooling) texnologiyasında sudan istifadə olunur. Hər bir sorğu və ya chatbot dialoqu dolayı yolla yüzlərlə millilitr su sərfinə səbəb olur”, – deyə ekspert izah edib.
Böyük şirkətlər “su izini” (water footprint) açıqlamırlar. Ekspert deyir ki, bunun arxasında həm rəqabət, həm də nüfuz qayğıları dayanır:
“Su sərfi göstəriciləri mərkəzin səmərəliliyini və iş yükünü göstərir, bu məlumatlar rəqiblər tərəfindən texniki gücü və müştəri bazasını təxmin etmək üçün istifadə oluna bilər. Yüksək su sərfi həmçinin şirkətin ekoloji imicinə zərbə vura və ictimai etirazlara səbəb ola bilər. Çox hallarda bu məlumatlar kommersiya sirri kimi qorunur və qlobal ekoloji monitorinqi çətinləşdirir.”

Ekoloq Amin Məmmədov isə əlavə edib ki, hazırda məlumat mərkəzləri hələ o qədər böyük deyil ki, su ehtiyatlarına ciddi təsir göstərsin.
“Gələcəkdə məlumat mərkəzləri böyüdükcə, yerləşdiyi yerin su resursları vacib amil olacaq. AI-in işləməsi üçün su istifadə olunur, lakin bu, ənənəvi sənaye və enerji istehsalının tələb etdiyi səviyyəyə çatmayıb. Su həmişə sənayədə, məsələn, elektrik stansiyalarında turbinlərin soyudulmasından tutmuş digər istehsal sahələrinə qədər istifadə olunur”, – ekspert bildirib.
Amin Məmmədov həmçinin qeyd edib ki, süni intellektin digər ekoloji təsiri enerji tələbi ilə bağlıdır:
“Məlumat mərkəzlərinin fəaliyyəti üçün enerji lazımdır və hələlik çox hissəsi ənənəvi enerji mənbələrindən təmin olunur. Bu da atmosferə karbon tullantılarının atılmasına səbəb olur.”
Ekspert əlavə edib ki, məlumat mərkəzlərini soyutmaq üçün ekoloji cəhətdən təmiz və səmərəli üsullar mövcuddur, lakin hazırda ən çox istifadə olunan soyutma texnologiyasında suyun böyük hissəsi itir.
“Gələcəkdə su çatışmazlığı məlumat mərkəzlərinin və süni intellektin inkişafını məhdudlaşdıran faktor ola bilər. Bu səbəbdən AI infrastrukturu yaradılarkən yalnız texniki səmərəlilik deyil, ekoloji və resurs amilləri də nəzərə alınmalıdır.”
Ekspertlər vurğulayırlar ki, süni intellektin yayılması ilə birlikdə rəqəmsal texnologiyaların ekoloji təsirinə diqqət artacaq və bu məsələ həm sənaye, həm də ictimaiyyət tərəfindən yaxından izlənilir.
