Nyu-Yorkda genişmiqyaslı ETİRAZLAR
Nyu-York şəhərində təxminən 15 min tibb bacısının iştirakı ilə genişmiqyaslı etiraz aksiyası keçirilib. Şəhər tarixində ən böyük tibb işçiləri tətili kimi qiymətləndirilən aksiya bir sıra əsas tələblərlə müşayiət olunur.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki,uzun və nəticəsiz danışıqlardan sonra başlanan bu tətil ilin əvvəlində keçirilmiş analoji aksiyadan iki dəfədən çox miqyaslıdır. Xəstəxana rəhbərləri isə irəli sürülən tələbləri qeyri-real adlandırır və federal maliyyə dəstəyinin mümkün azalması ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Tətil iştirakçıları inflyasiya səviyyəsinə uyğun əməkhaqlarının artırılmasını, kadr çatışmazlığına qarşı görülən tədbirlərin davam etdirilməsi və genişləndirilməsini, eləcə də tibb işçilərini iş yerində zorakılıqdan qoruyan müddəaların kollektiv əmək müqavilələrinə daxil edilməsini tələb edirlər.
Nyu-York ştatının qubernatoru Keti Hoxul xəstələrin təhlükəsizliyini təmin etmək məqsədilə əlavə resursların səfərbər edilməsi üçün tədbirlər gördüyünü açıqlayıb. Şəhər meri Zöhran Mamdani isə ictimaiyyəti əmin edib ki, ehtiyacı olan hər kəs üçün tibbi xidmətə fasiləsiz çıxış təmin ediləcək.
Bu arada, bir sıra xəstəxanalar müvəqqəti işçi qüvvəsindən istifadə etməyə məcbur qalıb. Tibb bacılarını təmsil edən həmkarlar ittifaqı isə xəstəxana rəhbərliyini güzəştə getməkdən və konstruktiv danışıqlar aparmaqdan imtina etməkdə ittiham edir.