Xorvatiya – Adriatik Sahillərinin İncisi
Xorvatiya — Adriatik dənizinin sahilində yerləşən, mavi dənizi, yaşıllığa bürünmüş təbiəti və zəngin tarixi ilə Avropanın ən gözəl turizm istiqamətlərindən biridir. Bu ölkə həm təbiət möcüzələri, həm mədəni irsi, həm də qonaqpərvər insanları ilə səyahətçilərin sevimli məkanına çevrilib.
Mənim Xorvatiya səyahətim də bu möhtəşəm ölkənin hər guşəsində fərqli bir sehr, fərqli bir hekayə gizləndiyini göstərdi.
Opatiya – Xorvatiya turizminin beşiyi
Səyahətimizin ilk dayanacağı Opatiya idi. Xorvatiyada turizmin beşiyi sayılan bu şəhər əsrarəngiz təbiəti ilə insanı valeh edir. Biz Navis Otelində qaldıq – dəniz, dağ və meşənin birləşdiyi bu məkanda hər səhər sanki təbiətin melodiyası ilə oyanırsan.
Opatiyanın geniş, tıxacsız küçələri, dənizkənarı bulvarı və parkları sanki sakitliyin və zərifliyin rəmzidir. Şəhərin turizm tarixi haqqında maraqlı məlumatlar aldıq, qədim binalar və yaşıllıqla əhatələnmiş parklarla tanış olduq. Günün sonunda isə yerli restoranlarda təqdim olunan xorvat mətbəxinin ləzzətləri dad baxımından unudulmaz idi.
Cres adası – zeytun və ənənələrin harmoniyası
Növbəti dayanacağımız Kres (Cres) adası idi. Bura bərə ilə gəlişimiz unudulmaz anlarla yadda qaldı. Bizi burada sakit və təbii gözəlliklər qarşıladı. Ada həm qədim şəhər atmosferi, həm də müasir turizm infrastrukturu ilə seçilir.
Kresdə ailəvi zeytun təsərrüfatları geniş yayılıb. Yüksək keyfiyyətli zeytun yağları bu bölgənin brend məhsulu sayılır və xorvat süfrələrinin ayrılmaz hissəsidir. Maraqlı bir fakt isə odur ki, adada otlayan qoyunlar 1400-dən çox bitki növü ilə qidalanır. Bu, onların ətinin və yunundan hazırlanan məhsulların keyfiyyətinə birbaşa təsir edir.
Maraqlıdır ki, ölən qoyunları vəhşi quşlar yeyəndən sonra yunları ərazidə qalır, bitkilərin də inkişafına mane olurmuş. Buna görə yunları toplmağa və geyim üçün istifadə etməyə qərar verirlər. Hazırda ölən qoyunların yunlarından səmərəli istifadə edilir və bol çeşidli aksesuarlar, geyimlər hazırlanır.
Loşin (Lošinj) adası – sağlamlıq və lüks istirahətin ünvanı
Kresdən sonra sürətli və qısa bir yol ilə Loşin (Lošinj) adasına keçdik. Burada yerləşən Bellevue oteli adanın ən məşhur və lüks istirahət mərkəzidir. Ərazi sanatoriyanı xatırladır: sıx meşəlik, dəniz havası və sakitlik burada birləşərək unikal mühit yaradır.
Otelin həyətində gecəsi 22 000 avro olan villalar yerləşir – bu da Loşin adasının Avropanın elit istirahət məkanları sırasında yer almasını zəmin yaradır. Adada muzeylər, parklar və mədəniyyət obyektləri ilə tanışlıq səyahətimizi daha da zənginləşdirdi.
İstriya yarımadası – tryufel və çaxır diyarı
Səyahətimizin növbəti mərhələsi İstriya yarımadası oldu. Bu bölgə Xorvatiyanın mətbəx mədəniyyəti və kulinariya ənənələri ilə fərqlənir.
Ən maraqlı təcrübəmiz isə itlərlə birlikdə meşədə tryufel axtarışı idi. 1 kiloqramı təxminən 3000 avro dəyərində olan bu nadir göbələyi tapmaq üçün saatlarla çalışdıq. Amma nəticə və təcrübə hər anına dəyərdi – bu, ömrüm boyu xatırlayacağım bir macəra idi.
İstriyada həm də çaxır istehsalı müəssisələrini ziyarət etdik. Burada yetişdirilən üzümlərdən hazırlanan çaxırlar öz yumşaq dadı ilə seçilirdi.
Rovinj və Pula – Adriatikin mavi sularında tarix və gözəllik
İstriyadan sonra Rovinj şəhərinə yollandıq. Rəngarəng evləri, dar küçələri və romantik dəniz mənzərəsi ilə Rovinj Xorvatiyanın ən fotogenik şəhərlərindən biridir.
Pula şəhəri isə qədim tarix və müasir həyatın harmoniyasını nümayiş etdirir. Burada Roma amfiteatrı, tarixi abidələr və limanda çalışan balıqçılar Xorvatiyanın keçmişi və bu günü arasında körpü yaradır.
Brijuni adası – tarix, təbiət və diplomatiyanın görüş nöqtəsi
Səyahətimizin son dayanacağı Bryuni (Brijuni) adası oldu. Bu ada həm təbiət parkı, həm də Xorvatiyanın siyasi tarixində mühüm yerə malikdir.
Burada gördüklərimiz həqiqətən təsirli idi:
- milyon illik dinozavr izləri,
- Hindistanın keçmiş baş naziri İndira Qandinin Yuqoslaviyanın keçmiş liderlərindən olan Titoya hədiyyə etdiyi fil,
- Titonun ev muzeyi, ölkənin tarixi irsinin canlı nümunələri idi.
Bryuni (Brijuni) adası həm təbiət həvəskarları, həm də tarix sevərlər üçün əvəzolunmaz turizm istiqamətidir.
Xorvatiya – təbiət, tarix və mədəniyyətin mükəmməl vəhdəti
Xorvatiya səyahətim mənim üçün sadəcə istirahət deyil, təbiətin gözəlliyinə, tarixin dərinliyinə və insan münasibətlərinin səmimiyyətinə səyahət idi.
Opatiyanın sahillərindən Brijuni adasının muzeylərinə qədər hər addımda fərqli bir hekayə, fərqli bir hiss yaşadım.
Bu ölkə sanki hər ziyarətçisinə eyni mesajı verir: “Gəl və Adriatikin sehrini yaşa.”
Tural Müseyibov
Ajans.az baş redaktor