İdman zallarında niyə HƏKİM YOXDUR? - SƏBƏB
Dünən əməkdar artist Cabir İmanovun paytaxtın fitnes zallarından birində infarkt keçirərək dünyasını dəyişməsi böyük səs-küyə səbəb oldu. Fitnes zallarında məşq edən zaman baş verən narahatlıqlar zamanı müəyyən işçi qrupu mütləqdir. Zalda məşq edən şəxsin anidən halının pisləşməsi gözlənilməz hadisə sayılır. Belə hallarda vətəndaşa ilk tibbi yardım etmək üçün bu qaydaları dərindən bilən həkimlərə ehtiyac var. Bəs niyə idman zallarında həkim-işçi qrupları yaradılmır?
Ajans.az mövzunu ətraflı araşdırıb.
Məsələ ilə bağlı, tanınmış fitness məşqçisi Kamil Zeynallı Ajans.az-a açıqlama verib.
Məşqçi bildirib ki, bu gün ölkədə fəaliyyət göstərən idman zallarının bir çoxunda həkimlər fəaliyyət göstərmir. Bəzi məşhur otellərin nəzdində olan zallarda həkim-işçi qruplarına rast gəlmək mümkündür. Amma məhz, idmançılar üçün ayrıca həkimlər çalışmır. Çünki idman zallarında ciddi problemlər olmur.
Kamil Zeynallı qeyd edib ki, idmançı bəzi hallarda səhhətləri ilə bağlı problemlər yaşaya bilər. Bu da şəxsin uzun müddətdən sonra idmanla yenidən məşğul olması səbəb ola bilər. İnsan bədəni hərəkətsiz qaldıqda, passivləşir. Sonradan aktiv həyat tərzi ürək döyüntülərinin artmasına, başgicəllənmə, halsızlıq, təzyiqin qalxıb-düşməsi kimi narahatlıqlara yol açır.
İdman zallarında bu tip hallar olanda naşatr spirti ilə həmin şəxsə ilk yardım edilir. Çox vaxt vəziyyət ağırlaşmır deyə, təcili tibbi yardıma ehtiyac qalmır. Şəxs özünü narahat hiss etdikdə, biz dərhal müdaxilə edə bilirik. Çünki belə kiçik hallar zallarda tez-tez baş verir. Orada işləyən məşqçilər artıq bu hallara adekvat cavab verə bilirlər.
O açıqlayıb ki, idman zallarında belə həkimlərin fəaliyyəti üçün ayrıca məbləğ ödənməlidir. Çünki həmin həkim bütün iş vaxtını zalda keçirir. Bu da həkimlərə sərf etmir. Bu işi Səhiyyə ilə Gənclər və İdman nazirliyi birgə həyata keçirməlidirlər. Hər bir məşq zalında tibbi yardım işçilərinin olması əslində ürəkaçandır. Lakin ölkəmizdə hələ bu imkanların yaradılması zaman məsələsidir.
Kamil Zeynallının sözlərinə görə, riskli xəstəlikləri daşıyan şəxslər idmanla məşğul olarkən, diqqətli olmalıdır. Ümumilikdə, ürək xəstəsi olan şəxsin səhhəti məkandan, zamandan asılı olmayaraq, dəyişə bilər. Burada təkcə, məşq zallarını əsas götürmək düzgün deyil. İdman sağlamlıqdır. Lakin onunla məşğul olan şəxs səhhətini də nəzərə almalıdır.