Hindistanda siyasi mitinqdə izdiham faciəsi: 40 nəfər ölüb
Hindistanın cənubundakı Tamil Nadu ştatında keçirilən siyasi mitinqdə baş verən izdiham nəticəsində azı 40 nəfər həyatını itirib.
Ajans.az BBC-ə istinadən xəbər verir ki, həlak olanlar arasında 9 uşaq, ən azı 17 qadın və 13 kişi var. Hadisə nəticəsində daha 51 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faciə şənbə günü Tamil Nadunun Karur rayonunda, aktyor və siyasətçi Coseph Vijayın rəhbərlik etdiyi TVK (Tamilar Vetrik Kazhagam) partiyasının təşkil etdiyi seçki kampaniyası zamanı baş verib. On minlərlə insanın toplandığı mitinqdə izdihamın nəzarətdən çıxması nəticəsində toqquşma və tapdanmalar yaşanıb.
Tamil Nadunun baş naziri M.K. Stalin hadisə ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, hökumət ölənlərin ailələrinə bir milyon rupi (təxminən 11,300 ABŞ dolları) məbləğində təzminat ödəyəcək və insidentlə bağlı genişmiqyaslı araşdırma aparılacaq.
Hindistan polisi TVK partiyasının üç yüksək vəzifəli üzvü barəsində cinayət işi açıb. Rəsmilər onların ehtiyatsızlıq və adam öldürmə halları ilə bağlı məsuliyyət daşıdığını bildiriblər. Karur polisi bildirib ki, partiya ilkin olaraq 10 min nəfərlik tədbir üçün icazə alıb, lakin faktiki iştirakçı sayı bu rəqəmin iki dəfəsini keçib.
Yüksək rütbəli polis rəsmisi V. Selvaraj Reuters agentliyinə açıqlamasında bildirib:
“Tədbir üçün planlaşdırılan saydan qat-qat çox insan toplaşmışdı. Təhlükəsizlik tədbirləri qeyri-kafi idi.”
Mitinqdə çıxış edən Vijay izdihamın böyüməsi ilə çıxışını yarımçıq dayandırmalı olub. Yerli media onun tədbirə bir neçə saat gecikdiyini və bu səbəbdən narazılığın da artdığını bildirib. Televiziya görüntülərində bəzi insanların huşunu itirdiyi və tibb əməkdaşlarının müdaxilə etdiyi kadrlar yayımlanıb.
Vijay sosial mediada yayımladığı açıqlamasında hadisədən "ürəyinin qırıldığını" və "təsvir olunmaz ağrı və kədər" içində olduğunu bildirib. O, dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalması üçün dualar etdiyini qeyd edib.
Hindistanın Baş naziri Narendra Modi də "X" platformasında (əvvəlki Twitter) paylaşım edərək hadisəni “son dərəcə kədərli” və “təəssüf doğuran” adlandırıb.
Hindistanda böyük kütlələrin toplandığı tədbirlərdə izdiham nəticəsində ölüm hallarına tez-tez rast gəlinir. Təkcə bu il Kumbh Mela dini festivalında və bir neçə kriket stadionunda oxşar hadisələr baş verib.