Reklam resmi
Reklam resmi

27 Sentyabr – Azərbaycanda Anım Günüdür

27 Sentyabr – Azərbaycanda Anım Günüdür
Siyasət

Bu tarixi gündə Vətən uğrunda canından keçən qəhrəmanlarımız ehtiramla yad edilir.

Ajans.az xatırladır ki, Vətən müharibəsinin başlanmasından 5 il ötür

“Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub” – beş il əvvəl - sentyabrın 27-də Müdafiə Nazirliyinin İkinci Qarabağ müharibəsinin başlamasına dair yaydığı ilk xəbərdən sitatdır. Həmin tarixdə  Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamışdır. 44 gün davam edən Vətən müharibəsi nəticəsində xalqımız 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarını azad etmiş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur.

44 gün davam edən Vətən müharibəsində- 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.

Azərbaycan Ordusunun əks -hücumu qarşısında aciz qalan Ermənistan müharibənin dayandırılması üçün Rusiyaya müraciət etdi. Moskvanın təşəbbüsü ilə imzalanan üçtərəfli müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin keçmiş Dağlıq Qarabağın ətrafındakı ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi.

Onu da bildirək ki, həmin razılaşmaya əsasən 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları azad edildi.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 Sentyabr ölkəmizdə Anım Günü elan edilmişdir. Həmin gündən etibarən hər il Azərbaycanın bütün bölgələrində, dövlət və özəl müəssisələrdə, təhsil ocaqlarında, həmçinin diplomatik nümayəndəliklərdə şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, onların qəhrəmanlığı hörmətlə yad olunur.

Anım Günü çərçivəsində məscidlərdə və dini məbədlərdə şəhidlərin ruhuna dualar oxunur, xiyaban və abidələr ziyarət edilir, müxtəlif tədbirlərdə Vətən müharibəsinin gedişi, qəhrəman ordumuzun şücaəti və şəhidlərimizin misilsiz fədakarlığı bir daha xatırladılır.

Azərbaycan xalqı və dövləti şəhidlərin müqəddəs adını daim uca tutur. Onların qəhrəmanlığı gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi təqdim olunur və Vətən uğrunda göstərilən şücaət xalqımızın yaddaşında əbədi yaşayır.

27 Sentyabr – Anım Günü hər bir azərbaycanlı üçün həm hüzn, həm də qürur günüdür.

Qeyd edək ki, Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bu gün biz Ajans.az ailəsi olaraq Vətən torpaqlarını canı bahasına qoruyan qəhrəmanlarımızın əziz xatirəsi qarşısında baş əyir, onların ruhuna dualar oxuyuruq. 

Allah şəhidlərimizə rəhəmət etsin!

Mövzular:
Azərbaycan Anım günü 27 Sentyabr

Digər Xəbərlər