Finlandiya Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli bəyannaməsinə qoşulub
Finlandiya Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həllini və iki dövlətli həll modelinin həyata keçirilməsini nəzərdə tutan beynəlxalq bəyannaməyə qoşulub.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki,sözügedən bəyannamə iyul ayında BMT-də keçirilən beynəlxalq konfransın nəticəsi olaraq qəbul edilib. Konfrans Səudiyyə Ərəbistanı və Fransa tərəfindən təşkil olunub. ABŞ və İsrail tədbiri boykot edib.
Finlandiyanın xarici işlər naziri Elina Valtonen sosial şəbəkə platforması X-də (əvvəlki Twitter) yazıb:
"Fransa və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi bu proses son illərdə iki dövlətli həll üçün şərait yaratmaq baxımından ən əhəmiyyətli beynəlxalq təşəbbüsdür."
Bəyannamədə qeyd olunan ilkin addım kimi, Qəzza zolağında HƏMAS silahlıları ilə İsrail arasında təxminən iki ildir davam edən müharibəyə son qoyulması göstərilir.
Səudiyyə Ərəbistanı və Fransa BMT-yə üzv ölkələri iki dövlətli həllin həyata keçirilməsi üçün “konkret, zamana bağlı və geri dönməz addımlar” atmağa çağırıb.
Qeyd edək ki, İspaniya və Norveç kimi bəzi Avropa ölkələri artıq Fələstini müstəqil dövlət kimi tanıyıblar. Finlandiya isə hələlik belə bir qərar verməyib. Ölkənin koalisiya hökuməti bu məsələdə fikir ayrılığı yaşayır.