Rusiya Moskva ilə Bakı arasında münasibətlərin pisləşməsi ilə bağlı cavab verib
Moskva hesab edir ki, Bakı ilə münasibətlərin ən çətin dövrlərində belə, gərginliyi dərinləşdirmək əvəzinə, qonşu xalqları bir-birinə yaxınlaşdıran məqamları tapmaq daha məqsədəuyğundur. Bu barədə Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimov Lenta.ru-ya açıqlamasında bildirib.
Ajans.az xəbər verir ki, Rusiya üçün çətin məqamları dövlətlər arasında konstruktiv əməkdaşlıq yolu ilə aradan qaldırmaq və onsuz da mürəkkəb olan vəziyyəti daha da çətinləşdirməmək əsas prinsipdir:
“Yaxşı münasibətlər yalnız tərəflərdən birinin deyil, ən azı ikisinin iştirakı ilə mümkündür”, – Klimov qeyd edib.Onun sözlərinə görə, SSRİ-nin tərkibində olmuş bütün respublikalarla münasibətlər köklüdür və bəzən onları düzgün dəyərləndirmək asan olmur. “Mən yaxınlıqda yaşayan, ortaq tarix və coğrafiya ilə bağlı olan, çətin vəziyyətlərdən birgə səylərlə çıxış yolları axtaran dövlətlərin tərəfdarıyam. Bu, əks istiqamətdə hərəkət etməkdən qat-qat yaxşıdır”, – deyə senator əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan 2024-cü ilin dekabrından sonra Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyət daşımır. O həmçinin vurğulamışdı ki, Bakı münasibətlərin soyuması fonunda Moskvaya “konstruktiv və hüquqi cavab” verir.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib: “Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərindən biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləmişik və bunu davam etdiririk”/ Lenta.ru