Tramp Yaponiyanı gömrük rüsumu ilə hədələyir
Tramp Yaponiyanı 35%-ə qədər rüsumla hədələyir – Ticarət razılaşması üçün son tarix yaxınlaşır
Ajans.az bbc com-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Yaponiyanı qarşıdakı həftə ərzində razılaşma əldə olunmazsa, 30% və ya 35%-ə qədər gömrük rüsumu tətbiq etməklə hədələyib.
Bu göstərici aprelin 2-də Trampın “Azadlıq Günü” adlandırdığı tədbir çərçivəsində tətbiq etdiyi 24%-lik rüsumdan da yüksək olacaq. Həmin gün Tramp dünyanın müxtəlif ölkələrindən idxala qarşı sərt tariflər elan etmişdi.
Sonradan əksər ticarət tərəfdaşları üçün bu tariflər 90 günlük müddət ərzində 10%-ə endirildi ki, həmin ölkələr Vaşinqtonla razılaşma əldə edə bilsinlər. Lakin bu “fasilə” 9 iyulda başa çatır və Tramp bildirib ki, müddəti uzatmaq niyyətində deyil.
Tramp həmçinin Tokio ilə razılaşma əldə olunacağına şübhə etdiyini bildirib: “Yaponiya ilə danışıqlar aparmışıq. Amma razılaşma əldə edəcəyimizə əmin deyiləm. Mən buna şübhə edirəm,” – deyə o, “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında deyib.
Yaponiya Trampın rüsumları artıracağı ilə bağlı hədəsinə cavab verməkdən imtina edib. Ölkənin Nazirlər Kabinetinin sədr müavini Kazuhiko Aoki mətbuat konfransında bildirib: “Prezident Trampın dediklərindən xəbərdarıq, lakin ABŞ rəsmilərinin hər açıqlamasına münasibət bildirmirik.”
Hazırda Yaponiyanın ABŞ-a ixrac etdiyi məhsulların əksəriyyətinə 10% vergi tətbiq olunur. Avtomobil və avtomobil hissələrinə isə 25%, polad və alüminiuma isə 50% gömrük rüsumu tətbiq edilir.
Eyni gün Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bildirib ki, razılaşma əldə etmək naminə öz ölkəsinin fermerlərinə zərər verəcək güzəştlərə getməyəcək.
Bu açıqlama Trampın Yaponiyanın ABŞ-dan düyü idxal etməməsini tənqid etməsindən sonra verilib. Tramp Truth Social platformasında yazıb: “Yaponiyaya böyük hörmətim olsa da, onların ABŞ-dan düyü qəbul etməməsi, özü də ciddi düyü qıtlığı yaşadıqları halda, ölkələrin ABŞ qarşısında nə qədər şıltaq davrandığını göstərir.”
Tramp əvvəlcə gömrük rüsumlarına 90 günlük fasilə dövründə 90 ticarət razılaşması imzalayacağını desə də, bu müddətdə yalnız Böyük Britaniya ABŞ-la razılaşma əldə edə bilib.