Laçın görüşü: Üç ölkənin BİRLİK SİMVOLU
"Laçında keçirilən görüş üç ölkənin birgə ittifaq simvoluna çevrilir".
Bunu Ajans.az-a açıqlamasında Laçında Azərbaycan, Türkiyə və Pakistan prezidentlərinin birgə keçirdiyi görüş və onun əhəmiyyəti haqqında açıqlama verən politoloq Əziz Əlibəyli bildirib.

O bildirib ki, keçirilən görüşdə həm də azad olunan ərazilərdə qısa müddətdə məskunlaşma və həyatın qayıdışı baxımından vacib mesaj verilir:
"Birinci mesaj odur ki, Pakistan və Türkiyə rəhbərlərinin gəlişi torpaqların azad olması və Azərbaycanın tərkib hissəsi kimi tanınması prizmasından önəmlidir. İkincisi, qısa müddət ərzində böyük məskunlaşma və həyatın qayıdışı baxımından verilən mesaj önəmlidir. Üç ölkənin birgə ittifaqı, əməkdaşlığı və qardaşlığı simvoluna çevrilir".
O qeyd edib ki, Laçın kimi dağlıq ərazidə hava limanının tikilməsi siyasi strategiya cəhətdən də önəmlidir:
"Həmçinin strateji siyasətin önəmli hissəsində mühüm yer tutur. Laçın kimi dağlıq bir rayonda hava limanı tikmək müdafiə qabiliyyəti, iqtisadi inkişaf, strateji və siyasi baxımdan çox önəmlidir. Bu, regional münasibətlərdə üç ölkənin birgə əməkdaşlığının bariz sübutudur. "Həm də bu, o dövrə təsadüf edir ki, Azərbaycan çox yaxında Hindistan-Pakistan müharibəsində Pakistana necə ciddi dəstək verdiyini bir daha xatırlatmış oldu", - deyə Əziz Əlibəyli sonda əlavə edib.
Tərlan Əmrahova