Viza yox, sərhədlər açıq- Çinlə yeni dövr başladı
Azərbaycanla Çin arasında viza rejimi ləğv olunub.
Maraqlıdır, bəs bu qərar turizm axınına necə təsir edəcək? Çinli turistlər üçün Azərbaycan nə dərəcədə cəlbedicidir və yerli sektor buna hazırdırmı?
Suallarımızı cavablandıran turizm eksperti Ceyhun Aşurov ''Ajans.az'' a bildirib ki, son dövrlər Azərbaycanla Çin arasında iqtisadi və siyasi yaxınlaşma müşahidə olunur:

‘’Bu prosesin mühüm addımlarından biri kimi, ötən il Azərbaycan Çin vətəndaşları üçün viza rejimini aradan qaldırmışdı. Bu ildən isə Çin hökumətinin qərarı ilə Azərbaycan vətəndaşları üçün də vizasız gediş imkanları yaradılacaq. Bu, iki ölkə arasında turist axınının artmasına ciddi töhfə verəcək. Çindən Azərbaycana turistlərin axını ölkəmizin maraqları çərçivəsindədir.
Çünki Çin Azərbaycanın hədəf turizm bazarlarından biridir. Bununla bağlı olaraq, birbaşa viza rejiminin ləğvindən əlavə, birbaşa uçuşların sayı və günləri də artırılır. Bu isə Çindən gələn turistlərin sayına müsbət təsir göstərir. Artıq ötən ilin birinci rübü ilə müqayisədə Çindən Azərbaycana gələn turistlərin sayında 1,8 faiz artım qeydə alınıb və bu göstəricinin gələcəkdə daha da yüksələcəyi gözlənilir’’.
Ekspert vurğulayıb ki, Çin dünyada turizm xərclərinə görə birinci yeri tutur:
‘’Təkcə 2019-cu ildə Çinli turistlər xaricə səfərlərinə 250 milyard dollar xərcləyiblər. Onların əsas xüsusiyyətlərindən biri böyük qruplar halında səyahət etmələri və alış-verişə xüsusi maraq göstərmələridir. Bu amili nəzərə alan bir çox ölkələr Çin turizm bazarından pay almağa çalışır və Azərbaycan da bu istiqamətdə mühüm addımlar atmaqdadır.
Strateji baxımdan arzuolunandır ki, gələcəkdə Azərbaycan viza prosedurlarını daha da sadələşdirərək, birbaşa uçuşların coğrafiyasını genişləndirsin. Bu, yalnız Bakıya deyil, həm də ölkənin digər beynəlxalq hava limanlarına münasib qiymətlərlə strateji uçuşların həyata keçirilməsinə imkan verəcək. Belə bir yanaşma turizm sahəsində ölkəmizə əlavə imkanlar qazandıracaq’’.