Barda mühafizəçi idi, dini lider oldu - Papa Fransiskə dair FAKTLAR
Vatikan Katoliklərin ruhani lideri və Vatikan Dövlət Başçısı Papa Fransiskin 88 yaşında həyatını itirdiyini açıqladı.
Ajans.az bildirir ki, Papa fevral ayından bəri sağlamlıq problemləri yaşayırdı, 14 fevralda sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Latın Amerikasından Katolik Kilsəsinin başına keçən ilk şəxs olan argentinalı Papa, 2013-cü ildən bu yana bu vəzifədə idi.
ARGENTİNANIN ARXA KÜÇƏLƏRİNDƏN VATİKANA
Xorxe Mario Berqolio, yəni Papa Fransisk, həyatı boyu fərqli seçimləri və sadə yaşam tərzi ilə diqqət çəkmişdi. 1936-cı ildə Buenos Ayresdə italyan köçkünü bir ailədə dünyaya gələn Berqolio, gəncliyində bir çox fərqli işlə məşğul olub. Ən maraqlısı isə gecə klubunda mühafizəçi kimi işləməsi idi. Həmin dövrdə kimya təhsili alıb və laboratoriya texniki kimi də çalışıb. Gənc yaşlarında keçirdiyi ciddi sətəlcəm nəticəsində ağciyərinin bir hissəsi çıxarılıb.
Mühafizəkarlıq və elmdən sonra ruhani bir dönüş yaşayan Berqolio, 1958-ci ildə Cizvit Təriqətinə qoşulub. Din, təhsil və fəlsəfə sahələrində dərindən təhsil aldıqdan sonra rahib kimi fəaliyyətə başlayıb. 1998-ci ildə Buenos Ayres Arxiyepiskopu, 2001-ci ildə Kardinal təyin olunub. Katolik dünyasında dərin mənəvi bilgisi, təvazökarlığı və sosial ədalətə bağlılığı ilə seçilirdi.
2013-cü ildə Kardinalların seçkisindən sonra Vatikan bacasından yüksələn ağ tüstü ilə bütün dünya Papa Fransisk adını eşitdi. O, həm Latın Amerikasından seçilən ilk Papa, həm də Cizvit köklü ilk Papa olaraq tarixə keçdi. Adını Assisili Müqəddəs Fransiskdən götürən yeni lider, yoxsulluq və ətraf mühitə həssaslıqla özünü göstərən bir vizyon təqdim etdi.
CƏSARƏTLİ QƏRARLAR VƏ İSLAHATLAR
Papa Fransiskin liderliyi ənənəvi qaydaları deyil, insanı mərkəzə alan bir yanaşma ilə formalaşdı:
-
LGBT+ fərdlərlə bağlı “Mən kiməm ki, mühakimə edim?” sözü dünyada böyük əks-səda yaratdı.
-
Boşanmış şəxslərin yenidən kommuniyaya qəbul edilməsi Katolik Kilsəsi üçün inqilabi addım idi.
-
İqlim dəyişikliyi ilə bağlı “Laudato Si” sənədi din və ətraf mühit şüurunu birləşdirən ilk geniş çağırışlardan biri oldu.
-
Miqrantlar, yoxsullar və kənarlaşdırılmış insanlar üçün apardığı kampaniyalar onu müasir dövrün ən humanist ruhani liderlərindən birinə çevirdi.
QIZIL TAXT YERİNƏ PLASTİK STUL
Fransisk, lüks saraylardan uzaq durdu. Vatikanda papa iqamətgahında deyil, sadə bir qonaq evində yaşamağı seçdi. Ayinlərdə qızıl işləməli taxt əvəzinə plastik stuldan istifadə etməsi, onun sadə həyat fəlsəfəsinin simvoluna çevrildi.
BİR MÜHAFİZƏÇİ GETDİ, BİR RUHANİ YOLGÖSTƏRƏN QALDI
Papa Fransisk, sadə insanların həyatına toxuna bilən, sərhədləri aşan bir lider idi. Kimya laboratoriyasından gecə klubunun qapısına, oradan kilsə məbədlərinə və nəhayət Müqəddəs Pyotrun taxtına uzanan bu yol, çağımızın ən ilhamverici hekayələrindən biri olaraq yadda qalacaq.