Bu marketlər ətrafı ZİBİL POLİQONUNA ÇEVİRİB - ŞİKAYƏT
Binəqədi qəsəbəsində, mərkəzə gedən yolun üzərində yerləşən mağazaların tullantıları sakinlər üçün çətin vəziyyət yaradıb.
Bu barədə sakinlər Ajans.az-a müraciət ediblər. Məlumata görə, söhbət “Tamtopdan” mağazası və “Xəzər” marketin anbarından gedir. Obyektlərin öz tullantılarına lazımi qaydada nəzarət etməməsi nəticəsində tullantılar ətrafa – yollara və yaşayış ərazisinə yayılır.
Məsələ ilə bağlı “Tamtopdan” mağazasının daxil olduğu “Tamstore” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, sözügedən tullantılar onlara deyil, digər obyektlərə məxsusdur:
“Bildirmək istərdik ki, narahatlıq yaradan zibil yeşikləri bizim mağazamıza deyil, mağazamızın yanında yerləşən satış mağazasına aiddir. Mağazalar bir-birinə bitişik olduğundan bu cür qarışıqlıqlar bəzən baş verə bilir”.
Problemlə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən saytımıza bildirildi ki, məsələnin araşdırılmasına başlanılıb:
“Məlumat üçün qeyd edək ki, sahibkarla profilaktik söhbətlər aparılıb. Sahibkar söz verdi ki, qısa zamanda məsələnin həlli istiqamətində işlər görüləcək. Məsələ nəzarətimizdədir və nəticələr tərəfimizdən izləniləcək”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Bu gönderiyi Instagram'da gör



