O gecədə saat təxminən 21:00 radələrində Ermənistan ərazisindən atılan raket Gəncənin mərkəzində yerləşən "Grand Qafqaz" Ticarət Kompleksinin yaxınlığını vurdu. Bütün şəhəri silkələyən partlayış öz ardınca qırıntılar, alov və kül gətirdi.
Həmin gün Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, 5 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Ermənistanın silahlı qüvvələri ağır artilleriyadan atəş açmaqla Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atıb. Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistanın silahlı birləşmələrinin terror cəhdlərinin qarşısının alınması nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb və mülki infrastruktur obyektlərinə hər hansı ziyan dəyməyib.
Bu hücum Ermənistanın müharibə zamanı mülki əhalini, günahsız insanları amansızcasına hədəf seçdiyi anlardan biri kimi yaddaşlara yazıldı.
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumatda bu amansız hücumun dinc əhalinin məhv edilməsinə yönəldiyi açıq şəkildə bildirildi. Ermənistan tərəfindən atılan bu raket təkcə Gəncə şəhərini deyil, bütün Azərbaycan xalqının qəlbini yaraladı. Günahsız insanların ölümcül sükuta qərq olduğu, səssizcə zərər çəkənlərin ürəklərində ağrı ilə iz buraxan bu hücum, vətən torpaqlarının yenidən bütövləşməsi üçün can verənlərin mübarizəsini bir daha xatırlatdı.
Bu gün, dörd il keçsə də, həmin gecə baş verən o dəhşət heç bir zaman unudulmayacaq. Gəncə xalqı və bütün Azərbaycan müharibənin yaratdığı yaraları sağaltmağa çalışsa da, o gecə yaşananlar heç vaxt hafizələrdən silinməyəcək
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.