Netanyahu fələstinli məhbusların azad edilməsini DAYANDIRDI
İsrailin baş naziri Benyamin Netanyahu, girovların Qəzza zolağında Qırmızı Xaç təşkilatına daha sonra təhlükəsiz şəkildə təhvil verilməsinə zəmanət verilənə qədər fələstinli məhbusların azad edilməsinə fasilə verilməsi barədə göstəriş verib.
Ajans.az xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.
“Netanyahu müdafiə naziri İsrael Katz ilə birlikdə bu günə planlaşdırılan terrorçuların azad edilməsinin növbəti mərhələlərdə girovlarımızın təhlükəsiz çıxışı təmin edilənə qədər təxirə salınmasını əmr edib”, - deyə bəyanatda bildirilir.
Baş nazirin ofisi qeyd edib ki, İsrail vasitəçilərdən buna nail olmağı tələb edir.
Qeyd edək ki, yanvarın 20-də İsrail hakimiyyəti Qəzza zolağında HƏMAS ilə əvvəllər bağlanmış atəşkəs razılaşması çərçivəsində 90 fələstinlini azad edib. Onlar 470 gündən çox anklavda qalan üç girovla dəyişdirilib. İsraildə fələstinlilər təhlükəsizlik qaydalarını pozmaqda günahlandırılıblar.