«Melissa Group» şirkəti yaşayış olan evləri sökdü – İŞÇİLƏR SAXLANILDI

«Melissa Group» şirkəti yaşayış olan evləri sökdü –
Hadisə 27-03-2025 - 16:17
 1356

Bakıda «Melissa Group» tikinti şirkətinin yaşayış olan evləri sökməsi ilə bağlı cinayət işi qaldırılıb, saxlanılanlar var. 

Ajans.az xatırladır ki, bu gün sosial şəbəkələrdə tikinti şirkətinin yaşayış olan evi sökməsini göstərən görüntülər yayılıb.Sosial şəbəkələrdə yayılan məlumatda bildirilir ki, “Melissa Group” tikinti şirkəti Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır.
Videogörüntülərdən məlum olur ki, söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi bildirib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib. 
DİN-in Mətbuat Xidmətindən isə bildirilib ki, söküntü ilə bağlı ərazi polis orqanına daxil olan müraciət əsasında araşdırma aparılır, həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb:
“Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: