Kolbasa və sosis alarkən bunlara DİQQƏT EDİN- XƏBƏRDARLIQ
![Kolbasa və sosis alarkən bunlara DİQQƏT EDİN-](https://ajans.az/uploads/images/202502/image_940x_67ac7d36b0d1e.webp)
Azərbaycanda sosis məhsulunun müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.
‘’Ajans.az’’ xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, istehlak bazarına nəzarət məqsədilə AQTA-nın apardığı monitorinq zamanı “Best Beef” əmtəə nişanlı “Ocaq” sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.
Bununla bağlı kolbasa emalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı 450 qramlıq “Best Beef” əmtəə nişanlı “Ocaq” sosisindən (07.01.2025-ci il istehsal tarixli) və 1 130 kiloqramlıq “Best Beef” əmtəə nişanlı bişmiş “Doktorskaya” kolbasasından (06.01.2025-ci il istehsal tarixli) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, bu məhsullarda da donuz DNT-si müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib.
Eyni zamanda həmin məhsulların istehsalının dayandırılması, həmçinin emal edilmiş məhsul partiyalarının satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Məsələni dəyərləndirən qida eksperti Asim Vəli ‘’Ajans.az’’-a bildirib ki, Azərbaycanda son günlər sosis məhsulunun müayinəsi zamanı etiketdə qeyd edilmədiyi halda donuz əti DNT-sinin aşkarlanması cəmiyyətdə geniş müzakirələrə səbəb olub:
‘’Bu istehlakçıların qida təhlükəsizliyinə və məhsulun mənşəyinə olan etimadını aşağı salan ciddi bir hadisədir. Normal şəraitdə istehlakçı aldığı məhsulun etiket məlumatlarına əsaslanaraq onun tərkibi haqqında qərar verir. Qanunvericiliyə əsasən qida məhsullarının tərkibində olan bütün inqrediyentlər, o cümlədən heyvan mənşəli komponentlər dəqiq göstərilməlidir. Lakin bu hadisə göstərir ki, bəzi hallarda istehsalçılar etiketdə həqiqi tərkibi tam açıqlamır və ya bilərəkdən istehlakçıları yanıltmaq məqsədilə məlumatları gizlədir.
İstehlakçılar məhsul alarkən bir sıra məqamalara xüsusilə diqqət etməlidir. Bazarda uzun müddətdir fəaliyyət göstərən və keyfiyyəti ilə tanınan markaların məhsullarına üstünlük vermək daha etibarlı ola bilər. Burada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və digər nəzarət qurumlarının monitorinq nəticələri və ictimaiyyətə açıqladığı hesabatları əsas götürə bilərik. Bəzi hallarda məhsulların üzərində halal sertifikatları və ya mənşəyi haqqında əlavə məlumatlar olur. Ancaq bunun da etibarlılığını təsdiqləmək üçün sertifikatlaşdırma qurumlarının rəsmi siyahılarına baxmaq lazımdır. Bəzi vaxtlarda saxta və ya qeyri-standart məhsullar qoxusuna və teksturasına görə fərqlənə bilir. Əsas problemlərdən biri qida məhsullarının istehsal prosesində monitorinqin yetərincə güclü olmaması, keyfiyyət yoxlamalarının ardıcıl aparılmaması və istehsalçıların bəzən məsuliyyətsiz davranmasıdır. Qida məhsullarına laborator analizlərin daha az aparılması və ya seçmə üsulu ilə yoxlanılmasını, standartlara cavab verməyən məhsulların bazara çıxmasına nəzarətin zəif olmasını, istehsalçıların etik qaydalara əməl etməməsi və istehlakçıları yanıltmasını, cərimə və cəza mexanizmlərinin yetərincə sərt olmamasını çatışmazlıqlar olaraq qeyd edə bilərik’’.
Ekspert əlavə edib ki, bu kimi halların təkrarlanmaması üçün dövlət qurumları bir sıra tədbirlər görməlidir:
‘’Bütün qida istehsalçıları üçün mütəmadi və daha ciddi yoxlamalar aparılmalıdır. İctimaiyyətə təhlükəli məhsullar və onların istehsalçıları barədə vaxtında məlumat verilməlidir. Qida məhsullarına verilən halal və ya keyfiyyət sertifikatlarının etibarlılığı ciddi şəkildə yoxlanılmalıdır. Saxta məhsul istehsal edən və ya istehlakçıları aldadan şirkətlərə qarşı ağır cərimələr və ya lisenziyanın ləğvi kimi cəzalar tətbiq edilməlidir.
Bu hadisə qida təhlükəsizliyinin nə qədər önəmli olduğunu bir daha ortaya çıxarır. İstehlakçılar məhsul seçimində diqqətli olmalı, etibarlı mənbələrdən alış-veriş etməli və qida təhlükəsizliyi sahəsindəki yenilikləri izləməlidirlər. Dövlət qurumları isə nəzarət mexanizmlərini daha da gücləndirməli və istehlakçıların hüquqlarını qorumaq üçün daha effektiv tədbirlər görməlidir. İstehlak bazarında belə halların qarşısını almaq üçün həm fərdi, həm də institusional səviyyədə səylərin artırılması vacibdir’’.