İşləməyənlər pensiya ala bilməyəcəklər? - AÇIQLAMA

İşləməyənlər pensiya ala bilməyəcəklər? -
PENSİYA
Cəmiyyət 15-04-2025 - 14:38
 62

Son zamanlar bir şəxsin heç vaxt rəsmi işləmədiyi və dövlətə sosial sığorta pul ödəmədiyi halda gələcəkdə pensiya alıb-almayacağı sual doğurur.

Belə halda ona əmək pensiyası verilirmi, yoxsa yalnız sosial müavinətlə kifayətlənməlidir? Bu məsələdə hansı qaydalar var və hansı hallarda fərqli yanaşılır?


Suallarımızı cavablandıran tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Ajans.az”a söyləyib ki, Azərbaycan Respublikasının vətəndaşı olan, azı 15 il iş stajı olan və müvafiq olaraq pensiya kapitalı toplamış şəxslərə əmək pensiyası təqdim olunur:

‘’Bu halda, kişilər üçün 65 yaş, qadınlar üçün isə 64 yaş 6 ay tamam olduqda pensiya hüququ yaranır.Əgər vətəndaş bu şərtlərə cavab vermirsə, yəni işləməyibsə və ya pensiya kapitalı formalaşmayıbsa, ona yaşa görə sosial müavinət (əvvəlki adıyla sosial pensiya) təyin edilir. Yaşa görə təyin olunan bu müavinət də əmək pensiyasındakı yaş həddi ilə eynidir. 2025-ci ildə bu məbləğ 220 manat olaraq müəyyən edilib.

Bununla yanaşı, bir sıra istisnalar da mövcuddur. Belə ki, vətəndaş rəsmi işləməsə belə, qanuni (leqal) gəlirləri varsa, pensiya fonduna könüllü şəkildə vəsait ödəyə bilər. Bu ödənişlər nəticəsində vətəndaş üçün pensiya kapitalı formalaşır və gələcəkdə yaşa görə sosial müavinətlə yanaşı əlavə ödənişlər də ala bilər’’.


Ekspert vurğulayıb ki hazırda Azərbaycanda bu imkanlardan istifadə edən faktiki nümunə yoxdur:

‘’Lakin gələcəkdə müstəqil pensiya fondları formalaşdıqda və qanunvericilikdə dəyişikliklər baş verdikdə, vətəndaşlar heç bir yerdə işləməsələr belə, öz hesablarına pensiya kapitalı toplayaraq həmin vəsaiti almaq imkanı qazanacaqlar. Bu yanaşma yeni bir mexanizmdir və gələcəkdə heç bir yerdə işləməyən şəxslərin də yaşa görə aldıqları pensiya ilə yanaşı əlavə ödəmələr almağı mümkün ola bilər’’.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: