İranın qonşu ölkələrə açıq ŞANTAJI: ABŞ-ni dəstəkləyənlər HƏDƏFƏ ALINACAQ

İran, ABŞ ilə yaşanan nüvə gərginliyində altı qonşu ölkəyə rəsmi bildiriş göndərərək xəbərdarlıq edib.
Ajans.az xəbər verir ki, bildirişdə, ABŞ-nin hücumuna dəstək verilməsi halında bunun düşmənçilik hərəkəti olaraq qiymətləndiriləcəyi vurğulanıb.
Tehran hakimiyyəti, ABŞ ilə davam edən nüvə gərginliyində qonşu ölkələrə ciddi xəbərdarlıqlar edib. İranlı yüksək səviyyəli bir rəsmi, altı qonşu ölkəyə göndərilən rəsmi bildirişdə ABŞ-nin hər hansı bir hücumuna dəstək verilməsi halında bunun düşmənçilik hərəkəti olaraq qiymətləndiriləcəyini açıqlayıb. İranın İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Türkiyə və Bəhreynə göndərdiyi bildirişdə, bu ölkələrin hava sahələrinin və ya torpaqlarının ABŞ tərəfindən istifadə edilməsinə icazə verilməməsi tələb edilib.
Rəsmilər, "Belə bir vəziyyətin ciddi nəticələri olacaq" ifadəsini istifadə edərək, dini lider Ayətullah Xamneyin silahlı qüvvələri yüksək səviyyədə hazırlığa gətirdiyini qeyd ediblər. Xarici İşlər Nazirliyi isə belə bir məsələdən xəbərdar olmadıqlarını, amma bu cür mesajların fərqli kanallarla göndərilə biləcəyini açıqlayıb. Küveyt isə torpaqlarından digər ölkələrə qarşı hücum əməliyyatlarına icazə verməyəcəyi barədə İranı təmin edib. İran, ABŞ Prezidenti Trampın birbaşa görüş təklifini rədd etməsinə baxmayaraq, Oman vasitəsilə dolayı danışıqlara davam etmək istədiyini bildirib. İranlı rəsmilər, "Dolayı danışıqlar Vaşinqtonun siyasi həll məsələsində ciddiliyini qiymətləndirmək imkanı yaradır" ifadəsini işlədib. Tramp, 7 martda İranın dini lideri Xamneyə göndərdiyi məktubda yeni bir nüvə razılaşması üçün birbaşa danışıqlar təklif etmiş və rejimin razılaşmaması halında İranı "heç vaxt olmadığı şəkildə" bombalayacağı ilə hədələmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.