Haqq-ədalət gec də olsa, daima zəfər çalacaq…

Haqq-ədalət gec də olsa,
Siyasət 11-04-2025 - 10:22
 595

Hal-hazırda Bakı məhkəmə kompleksində Qarabağ bölgəsində mövcud olmuş erməni-separatçı qurumun rəhbər şəxslərinin cinayətlərinə dair baxılan proses ölkə və dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənir. 

“Dövrümüzün Nürnberq prosesi” adlandırılmış bu məhkəmə işi ölkəmizə qarşı 35 ilə yaxın müddət ərzində minlərlə vətəndaşımızı qətlə yetirmiş, soyqırımı və digər xüsusilə ağır cinayətlər törədərək əmlaklarını talamış, evlərini, qəbirlərini viran qoymuş separatçı rejimə və onların silahlı birləşmələrinə rəhbərlik edən şəxslərin ittiham edilməsi ilə bağlıdır.

Bununla əlaqədar, belə şəxslərdən biri olan, Xankəndi şəhəri və Xocalı rayonu ərazisində 1980-ci illərin sonu, 1990-cı illərin əvvəlində azərbaycanlılara qarşı cinayətlər törədərək 2023-cü ildə Laçın sərhəd-buraxılış məntəqəsində yaxalanmış Vaqif Xaçatryanın məhkəmə prosesində Baş Prokurorun köməkçisi kimi dövlət ittihamını müdafiə etdiyimdən təəssüratlarımı bölüşmək istərdim…

İlk növbədə qeyd edərdim ki, belə cinayətkarların yaxalanması cənab Prezidentimizin komandanlığı ilə müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında antiterror əməliyyatındakı qələbələr nəticəsində mümkün olmuşdur.

V. Xaçatryanın törətdiyi cinayətlər çoxsaylı mötəbər, təkzibolunmaz sübutların məcmusu — şahid ifadələri, ekspertiza rəyləri, arxiv fotoşəkilləri və digər sənədlərlə təsdiqini tapsa da, o, bütün məhkəmə boyunca məsuliyyətdən yayınmaq üçün inadkar mövqe tutaraq cinayət əməllərini inkar etmiş, özündən zavallı, günahsız, sanki təsadüfən məhkəmə qarşısında dayanmış bir insan obrazı yaratmağa çalışmışdı.

Məhkəmə istintaqı ilə sonuncunun törətdiyi cinayət əməlləri tam təsdiqini tapmış və o, 15 il müddətinə azadlıqdan məhrum edilmişdir (qanunvericiliyə görə 65 yaşdan yuxarı şəxslərə 15 ildən çox müddətə azadlıqdan məhrum edilməsinin qadağan edilməsi nəzərə alınaraq).

İndi isə Bakı məhkəmə kompleksində separatçı-xunta rejiminin liderlərinin məhkəməsi davam edir, məhkəmə prosesləri KİV-lər vasitəsilə mütəmadi olaraq ictimaiyyətə sərgilənir.

Vaqif Xaçatryanın məhkum olunması və indiki məhkəmə prosesləri arasında nə oxşarlıq müşahidə olunur?
Təbii ki, təqsirləndirilənlərin qeyri-səmimiliyi, məsuliyyətdən yayınmaq üçün hər cür çaba göstərmələri, qorxaqlıqları, özlərinin sanki humanist, mələk xarakterli ziyalılar olduğunu sübut etməyə çalışmalarıdır ki, bu da acı bir təəssürat doğurur…

Axı bir o qədər də uzaq olmayan yaxın tariximizdə insanlarımıza qarşı misli görünməmiş vəhşiliklər törətmiş separatçı rejimin rəhbərlərinin hansı mənəviyyata malik olduqlarını hamı gözəl bilir… Təkcə Araik Arutyunyanın Gəncəni raket atəşinə tutması barədə göstəriş vermədiyi barədə məhkəmədə səsləndirdiyi bəyanat bu “insan”ın nə qədər riyakar, cəsarətsiz olmasını açıq büruzə verir.

Bununla belə, heç şübhə yoxdur ki, Bakı Hərbi Məhkəməsinin ən təcrübəli hakim heyəti və Prokurorluğun kifayət qədər savadlı ittihamçıları tərəfindən təqsirləndirilənlərin törətdiyi bütün cinayətlər dəqiqliyi ilə hərtərəfli, tam və obyektiv qaydada tədqiq olunacaq.

Eyni zamanda, hazırki qeyd olunan məhkəmə prosesi müasir Azərbaycan tarixində mühüm siyasi-mənəvi əhəmiyyət daşıyır — ilk növbədə ona görə ki, on illər ərzində yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimiz haqq-ədalətin zəfər çalmasının nəhayət ki, şahidi oldular; şəhidlərimizin qisası alındı; ölkəmiz sivil dünyanın layiqli üzvü olmaqla həqiqi hüquq normalarına uyğun məhkəmə prosesini həyata keçirdiyini dünya ictimaiyyətinə nümayiş etdirir (təqsirləndirilənlər müdafiəçi, tərcüməçilərlə təmin olunurlar, sərbəst şəkildə — heç bir psixoloji təzyiq olmadan vəsatətlər verir, müdafiə hüququnu həyata keçirirlər… Müqayisə üçün, vaxtilə mülki şəxslər olan Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan məhkəmələrində hansı basqı altında iclas zalına gətirilmələrini xatırlamaq kifayətdir).

Habelə qeyd etmək lazımdır ki, adı çəkilən məhkəmə prosesi bütün dünyaya göstərdi ki, ölkəmizə qarşı təcavüzə yol verən, vətəndaşlarımızı qətlə yetirənlər kim olursa-olsun, hansı dövlətlərin himayəsinə ümid etsələr də belə, hökmən yaxalanacaq və Azərbaycan dövlətinin ədalət məhkəmələrində layiqli cəzalarını alacaqlar…

Müqəddəs Sultanov

3-cü dərəcəli dövlət ədliyyə müşaviri.

PAYLAŞ: